Ermənistan Mülki Aviasiyası Baş İdarəsi Azərbaycanın işğal edilmiş ərazilərinə mülki təyyarələrinin uçuşuna icazə verəcək. Trend-in məlumatına görə, bu barədə Ermənistan KİV ölkənin Mülki Aviasiya Baş İdarəsinin rəhbəri Artyom Movsisyanın verdiyi məlumata istinadən xəbər verir.
Movsisyan konkret tarix barəsində məlumat verməkdən imtina edib.
Onun sözlərinə görə, uçuşları Ermənistanın 19 yerli təyyarəsi həyata keçirəcək. Uçuş müddəti 45-50 dəqiqə təşkil edəcək.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.