Elmar Məmmədyarov Yaxın Şərqə səfəri zamanı ikitərəfli münasibətləri müzakirə edəcək

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Yaxın Şərqə qarşıdakı səfəri zamanı ölkənin bu regionla gələcək münasibətlərini müzakirə edəcək. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev deyib.
“Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Yaxın Şərqdə baş verən hadisələri izləyir və həmişə bu regiona böyük diqqətlə yanaşıb. XİN rəhbərinin regiona səfəri çərçivəsində nazirin Təl-Əviv və Ramallahda rəsmi şəxslərlə bir sıra görüşləri planlaşdırılıb”, – Abdullayev qeyd edib.
Onun sözlərinə görə, Fələstin xalqına dəstəyin göstərilməsi məsələsi həmişə rəsmi Bakının diqqət mərkəzində olub.
“Bizim bu məsələ üzrə mövqeyimiz dəyişməzdir. Biz, Fələstini bütün beynəlxalq təşkilatlarda dəstəkləyirik” , – Abdullayev bildirib.
Abdullayevin sözlərinə görə, nazirin səfəri zamanı hər hansı ikitərəfli sənədin imzalanması planlaşdırılmır.
“Bundan başqa, hazırda Azərbaycanın Təl-Əviv və ya Ramallahda səfirliyinin açılması ilə bağlı heç bir qərar yoxdur” , – Abdullayev bir sıra KİV-in məlumatını şərh edərkən deyib.
Qeyd edək ki, Elmar Məmmədyarov aprelin 21-də rəsmi səfərlə Yaxın Şərq regionuna yollanacaq.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO