Elmar Məmmədyarov: Suriya ermənilərinin işğal edilmiş ərazilərə köçürülməsi beynəlxalq hüquqa ziddir

Suriya ermənilərinin Azərbaycanın işğal edilmiş ərazilərinə köçürülməsi beynəlxalq hüquqa ziddir və dərhal dayandırılmalıdır. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ər-Riyadda ərəb ölkələri ilə Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında iqtisadiyyat və əməkdaşlıq üzrə Forumun birinci iclasında çıxış edərkən deyib.

Nazir qeyd edib ki, Ermənistan Azərbaycan ərazilərinin hərbi işğal altında saxlamaq və bir milyondan artıq qaçqın və məcburi köçkünün öz dogma yurd-yuvalarına qayıtmasının qarşısını almaq üçün gücdən istifadə etməyə davam edir: “Həm Ermənistan ərazisində, həm də işğal olunmuş ərazilərdə təhqirə məruz qalmamış Azərbaycan məscidi və digər müqəddəs yer, dağılmamış mədəni və tarixi abidələrimiz qalmayıb”.

Onun sözlərinə görə, ciddi narahatlıq doğuran daha bir məsələ Ermənistan tərəfindən demoqrafik vəziyyəti dəyişmək və öz işğalını möhkəmləndirmək məqsədilə Azərbaycanın işğal olunmuş ərazilərində Suriya ermənilərinin yerləşdirilməsidir: “Bu kimi fəaliyyət beynəlxalq hüquq baxımından qeyri-qanunidir və dərhal dayandırılmalıdır”.

E.Məmmədyarov zəbt olunmuş torpaqlarda həyata keçirilmiş məlum etnik təmizləmə ilə müşayiət olunan Azərbaycanın 20 faiz ərazilərinin Ermənistan tərəfindən işğalını və təcavüzünü pisləyən davamlı mövqeyinə görə bir daha İslam ümmətinə dərin minnətdarlığını bildirib: “Biz İslam ümmətinə BMT TŞ-nin, İƏT və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələrində tələb olunduğu kimi Azərbaycanın bütün işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin dərhal, qeyd-şərtsiz və tam çıxarılmasına səsləyən yekdil çağırışına görə xüsusilə minnətdarıq. Biz inanırıq ki, Ermənistan-Azərbaycan münaqişəsinə dair bu mövqe bütün Ərəb Dövlətləri Liqasına üzv qardaş ölkələrin məsələyə yanaşmasında da öz əksini tapacaq”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO