Elmar Məmmədyarov: Azərbaycan BMT ilə əməkdaşlığa xüsusi önəm verir

Elmar Məmmədyarov: Azərbaycan BMT ilə əməkdaşlığa xüsusi önəm verirAzərbaycan Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin baş katibinin müavini və BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının icraçı direktoru Şamşad Axtarı qəbul edib.

Bu barədə Trend-ə XİN-dən məlumat verilib.

Görüşdə nazir E.Məmmədyarov Azərbaycanın BMT, onun ixtisaslaşmış təşkilatları və regional qurumları ilə əməkdaşlığa xüsusi önəm verdiyini qeyd edərək, bu səpkidə olan səfərlərin əlaqələrin perspektiv inkişafı baxımından faydalı olduğunu bildirib.

Nazir E.Məmmədyarov qeyri-neft sektorunun inkişafının hökumətin fəaliyyətinin prioritet istiqamətlərindən biri olduğunu deyərək, informasiya və kommunikasiya texnologiyaları, multi-modal nəqliyyat infrastrukturu və digər sahələrdə İqtisadi və Sosial Komissiya çərçivəsində üzv dövlətlər ilə əməkdaşlıq üçün əlverişli imkanların olduğunu vurğulayıb.

Nazir E.Məmmədyarov Komissiyanın hədəflərindən biri olan regional əlaqələr və bağlantıların inkişafı istiqamətinin Azərbaycan üçün əhəmiyyətindən bəhs edərək deyib: “Bakı-Tiflis-Qars dəmir yolu, eləcə də Trans-Avrasiya Super İnformasiya Magistrali (TASİM) layihələri bu baxımdan çox önəmlidir və Komissiyanın bu layihələrə dəstəyi hərtərəfli regional əməkdaşlıq üçün geniş imkanlar açacaq”.

İcraçı direktor Şamşad Axtar Komissiya ilə Azərbaycanın əlaqələrindən bəhs edərək, iqtisadi və sosial inkişaf üzrə Azərbaycanın özünəməxsus təcrübəsinin təqdirəlayiq olduğunu qeyd edib. İnkişafın Azərbaycan modelinin müxtəlif regional müstəvidə daha geniş təqdim olunması üçün Azərbaycanı Komissiyanın cari il üçün nəzərdə tutulmuş yüksək səviyyəli tədbirlərində iştiraka dəvət edib.

Görüşdə həmçinin Azərbaycan və BMT arasında münasibətlərə və Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiya çərçivəsində regional əməkdaşlıq layihələrinə dair ətraflı fikir mübadiləsi aparılıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO