Azərbaycanın hakim partiyası hesab edir ki, El Hərəkatı cəmiyyət tərəfindən qəbul olunmayacaq.
“Həmin qurumda toplaşanlar eyni adamlardır. Yəni toplananların yerini dəyişəndə cəm dəyişmir. Bu baxımdan onlar gah Ziyalılar Forumu, gah da Ziyalılar Hərəkatı yaratdılar. Ondan da keçdilər El Hərəkatına. Bir azdan başqa yerə keçəcəklər, yəni bu adamlar sadəcə gündəmdə qalmaqdan ötrü ortaya belə məsələlər atırlar. Təbii ki, onların heç bir sosial bazası yoxdur. Onlar Azərbaycan cəmiyyətində qəbul olunmayan insanlardır. O insanların nə yaratmaqlarından asılı olmayaraq, heç bir effekti olmayacaq”, – bunu Trend-ə El Hərəkatının təsis edilməsinə münasibət bildirən YAP-ın icra katibinin müavini Siyavuş Novruzov deyib.
Novruzov hesab edir ki, çox keçmədən El Hərəkatı daxilində də ciddi fikir ayrılıqları yaranacaq.
Onun sözlərinə görə, Azərbaycan cəmiyyəti yaxşı başa düşür ki, bu cür insanlar öz şəxsi maraqları çərçivəsində çalışırlar, onları xalqın, insanların, cəmiyyətin problemləri maraqlandırmır, öz maddi maraqlarını güdürlər, özlərinin maddi şəraitlərini yaxşılaşdırmaq üçün çalışırlar.