Dövlət məmuru cəmiyyətdə hər bir vətəndaş üçün nümunə olmalıdır

Azərbaycan inkişaf etmiş ölkələrin sırasında olmalıdır. Ona görə biz müsbət təcrübəni öyrənirik, Azərbaycanda istənilən sahədə tətbiq edirik. Bu, təbii, normal prosesdir. Hesab edirəm ki, biz nağdsız ödəmələrin səviyyəsini, həcmini artıra, eyni zamanda, vergilərin yığımında daha da böyük uğurlara nail ola, xoşagəlməz halların qarşısını daha da sürətlə ala bilərik. Yəni bu, dünyada, inkişaf etmiş ölkələrdə oturuşmuş bir yanaşmadır. Biz də bunu daha da sürətlə tətbiq etməliyik Trend-in məlumatına görə, bunu aprelin 14-də Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında yekun nitqində deyb.
“Ölkəmizdə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə çox sürətlə aparılır. Bu mübarizə hərtərəfli şəkildə aparılır. Korrupsiya və rüşvətxorluq cəmiyyət üçün ən böyük problemlərdən biridir, ən böyük yaramızdır. Biz inkişaf etmiş ölkələrin bu sahədə də təcrübəsini nəinki öyrənməliyik, eyni zamanda, tətbiq etməliyik. Mən dəfələrlə bu barədə fikirlərimi bildirmişəm, bir daha demək istəyirəm ki, yalnız cəza tədbirləri, inzibati tədbirlər bizim istədiyimizə nail olmaq üçün kifayət etməz. Əlbəttə ki, cəza tədbirləri də olmalıdır, hüquq mühafizə orqanları da bu istiqamətdə öz fəaliyyətini davam etdirməlidir. İnzibati tədbirlər də görülür və görüləcəkdir”, deyə İlham Əliyev bildirib.
Prezident hesab edir ki, institusional tədbirlərin genişlənməsi, tətbiqi, sistem xarakterli islahatların aparılması və davam etdirilməsi, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizədə Azərbaycana daha da yaxşı imkan yaradacaq.
“Biz korrupsiya, rüşvətxorluq üçün mövcud olan meydanı maksimum dərəcədə daraltmalıyıq. “Elektron xidmət”, “Elektron hökumət” layihələri bu istiqamətdə atılan çox önəmli addımlardır.
Məmur-vətəndaş ünsiyyəti bu istiqamətdə minimuma endirilməlidir. Yenə də inkişaf etmiş ölkələrin təcrübəsini biz maksimum dərəcədə tətbiq etməliyik. Buna görə də Azərbaycanda İKT sektorunun inkişafına daha da böyük diqqət göstərilməlidir və göstəriləcəkdir.
Son aylar ərzində bu istiqamətdə çox ciddi addımlar atılmışdır. Onların içində “ASAN xidmət”inin fəaliyyətini mən qeyd etmək istəyirəm. Bu xidmət öz fəaliyyətini genişləndirir. Artıq minlərlə vətəndaş “ASAN xidmət”ə müraciət etmişdir. Biz “ASAN xidmət”in fəaliyyətini genişləndiririk. Hesab edirəm ki, bu ilin yayına qədər Bakının bütün rayonları əhatə ediləcəkdir. Eyni zamanda, böyük şəhərlər – Sumqayıt, Gəncə şəhərləri əhatə ediləcəkdir. Gələn il hesab edirəm ki, bütün başqa bölgələrdə xidmət yaranmalıdır. O vaxta qədər mobil avtobuslarla bu xidmət göstəriləcəkdir. Artıq avtobuslar alınıbdır. Yaxın həftələrdə Azərbaycanda olacaqdır. Bu avtobuslar vasitəsilə müxtəlif bölgələrdə bu xidmət öz fəaliyyətinə başlayacaqdır”, deyə İlham Əliyev bildirib.
Dövlət başçısı bildirib ki, institusional islahatlar, elektron hökumət, şəffaflıq və əlbəttə ki, güclü siyasi iradə olmalıdır.
“Bu güclü siyasi iradə vardır. Biz, əgər inkişaf etmiş ölkəyə çevrilmək istəyiriksə, korrupsiyaya, rüşvətxorluğa qarşı daha da ciddi mübarizə aparmalıyıq. Əminəm ki, biz bu mübarizədə qalib gələcəyik.
Bununla bərabər, dövlət məmurlarının məsuliyyəti də artmalıdır. Dövlət məmurları xalqa xidmət edir və etməlidirlər. Bu məsələlərlə bağlı mən fikirlərimi bildirmişəm. Dövlət məmuru cəmiyyətdə hər bir vətəndaş üçün nümunə olmalıdır. Təvazökarlıq, saflıq və vətənə xidmət nümunəsi. Dövlət məmurları seçilmiş insanlar olmalıdır. Onların həm peşəkarlığı, həm də mənəvi keyfiyyətləri yüksək səviyyədə olmalıdır. Məmur-vətəndaş münasibətləri hörmət əsasında qurulmalıdır. Harada ki, nöqsanlar, pozuntular vardır, əlbəttə ki, tədbirlər görülür və bu proses bundan sonra da davam etdiriləcəkdir”, deyə dövlət başçısş deyib.
İlham Əliyevin sözlərinə görə, cəmiyyətdə sosial ədalət prinsipləri tam şəkildə tətbiq edilməlidir.
“Bunu bizim Əsas Qanunumuz – Konstitusiya tələb edir və ümumi normal davranış elə olmalıdır ki, sosial ədalət prinsipləri pozulmasın. Çünki deyə bilərəm ki, insanları narahat edən ən böyük məsələ ədalətsizlikdir, həyatda da, siyasətdə də, hər bir sahədə də. Ona görə də ədalət, sosial ədalət olmalıdır və bütün qərarlar ədalətli olmalıdır. Əgər qərar ədalətlidirsə, əgər hətta kiminsə xoşuna gəlmirsə, ədalətli olduğu üçün bu qərarla barışırlar. Əgər qərar ədalətsizdirsə, əgər belə demək mümkündürsə, bundan böyük ədalətsizlik ola bilməz.
Biz sənaye istehsalının artırılması ilə bağlı əvvəlki dövrlərdə böyük işlər görmüşük. Bu ilin birinci rübündə də qeyri-neft sənayemiz artıb. Bu, müsbət göstəricidir. Ancaq gələcəkdə sənaye istehsalımızı müasirləşdirmək üçün əlbəttə ki, böyük işlər görüləcəkdir. Onların arasında mən texnoparkların yaradılmasını qeyd etmək istəyirəm. Artıq bu istiqamətdə işlər gedir. Biz əsas üç mərkəz seçmişik. Bu mərkəzlər əslində ənənəvi mərkəzlərdir: Bakı, Sumqayıt, Gəncə şəhərləri. Orada texnoparkların yaradılması prosesi gedir. Hesab edirəm ki, biz bu siyahıya Mingəçeviri də əlavə etməliyik. Çünki Mingəçevir də sənaye şəhəridir. Orada kənd təsərrüfatı demək olar ki, yoxdur. Mingəçevirdə müasir sənaye komplekslərinin tikilməsi ilə bağlı qərarlar verilməlidir. Bu məsələ ilə bağlı mən artıq göstərişlər vermişəm. İnvestisiya qoymaq istəyən qurumlara tövsiyə edilir ki, eyni zamanda, onlar Mingəçevirə də diqqət yetirsinlər. Hesab edirəm ki, buna nail olsaq, onda ölkədə dörd əsas sənaye mərkəzi olacaqdır. Hesab edirəm ki, Azərbaycan kimi ölkə üçün bu, kifayətdir. Yəni, texnologiya parklarının öz üstünlükləri olacaqdır. Orada fəaliyyət göstərəcək müəssisələr ölkəmiz, iqtisadiyyatımız üçün strateji xarakter daşımalıdır. Əlbəttə ki, orada yalnız rəqabətqabiliyyətli, ixrac yönümlü məhsullar istehsal olunmalıdır. Əminəm ki, biz yaxın aylarda yeni texnologiya parklarının yaradılmasını görəcəyik”, deyə Prezident yekun nitqində bildirib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO