Dilqəm Əsgərov və Şahbaz Quliyevin geri qaytarılması üçün nüfuzlu beynəlxalq təşkilatlara müraciət olunub

Azərbaycan Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda 2014-cü ilin iyul ayında girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin geri qaytarılması üçün bir sıra nüfuzlu beynəlxalq təşkilatlara müraciət edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan hökuməti D.Əsgərovun və Ş.Quliyevin azad edilməsi istiqamətində işləri davam etdirir.

Hazırda qeyri-qanuni olaraq müxtəlif cinayətlər törətməkdə günahlandırılan və qeyri-insani rəftara məruz qalan D.Əsgərov və Ş.Quliyevin Azərbaycana qaytarılması istiqamətində aparılan işlərin sürətləndirilməsi və beynəlxalq konvensiyalara zidd olaraq onlara qarşı qurulmuş məhkəmə prosesinin dayandırılması məqsədilə Azərbaycan Baş nazirinin müavini Əli Həsənov bir sıra beynəlxalq nüfuzlu təşkilatların rəhbərlərinə, o cümlədəın Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Piter Maurerə, BMT-nin baş katibi Pan Gi Muna, BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreşə, BMT-nin insan hüquqları üzrə ali komissarı Zeid Raad əl-Hüseynə, Avropa Komissiyasının vitse-prezidenti xanım Vivian Redinqə, Avropa Şurasının baş katibi Torbyorn Yaqlanda və ATƏT-in baş katibi Lamberto Zannierə rəsmi müraciətlər ünvanlayıb.

Həmin müraciətlərdə bütün müvafiq beynəlxalq təşkilatlar yaranmış problemin həllinə köməklik göstərməyə çağırılır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO