Deputatları Bakıda sıxlığın aradan qaldırılması üçün bəzi təkliflərlə çıxış ediblər


Azərbaycan Parlamentinin deputatları Bakının sıxlığının problemlər yaratdığını bildiriblər.

Trend-in məlumatına görə, deputat Qüdrət Həsənquliyev Bakıdakı sıxlığın və gərginliyin aradan qaldırılması üçün regionların iqtisadi-sosial inkişafını təklif edib. Bu barədə millət vəkili cümə günü Milli Məclisdə Azərbaycan hökumətinin 2012-ci ildə fəaliyyəti barədə hesabatının dinlənilməsi zamanı bildirib.

Onun sözlərinə görə, Bakıdakı yüklənmənin həll edilməsi üçün yeni yollar, tunellər salınsa da bu, öz müsbət nəticəsini vermir.

Deputat Bakının nisbətən boşaldılması üçün regionların inkişafına diqqəti artırmağı, paytaxtdan iş adamlarının rayonlara axınına şərait yaradılmasının vacibliyini vurğulayib.

Millət vəkili, eyni zamanda ötən il Qəbələ RLS-in boşaldılmasını Azərbaycanın uğuru kimi qiymətləndirib. O, indiki şəraitdə həmin bölgədə turizm və digər sahələrin inkişafının vacibliyini qeyd edib.

Millət vəkili Fuad Muradov da çıxışı zamanı Bakıda yaranmış sıxlığın aradan qaldırılması yollarından danışıb.

Muradov deyib ki, Bakı şəhərinə xüsusi status verilməlidir. “Xüsusi stastusun verilməsi şəhərdəki infrastrukturun inkişafı baxımından mühüm rol oynayacaq”, – o deyib.

Muradov bildirib ki, xüsusi statusun verilməsi Bakıya xüsusi baxış tələb edəcək, hökümətin daha məqsədli maliyyə vəsaitinin ayırmasına şərait yaradacaq.

“Bu da, öz növbəsində Bakıda olan sıxlığın aradan qaldırılmasında öz müsbət təsirini göstərəcək”, – Muradov deyib.

Millət vəkili, hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı bildirib ki, Bakıdakı yüklənmə problemini inzibati yolla həll etmək mümkün deyil.

“Bunun üçün regionların inkişafına diqqət ayrılmalı, orada sənaye parkları yaradılmalı və yeni iş yerləri açılmalıdır. Misal üçün, Gəncə, Şəki, Quba, Qəbələ, Lənkəran, Naxçıvanda və digər şəhərlərdə sənaye parkları yaradılmalıdır”, – Qurbanlı deyib.

Eyni zamanda, millət vəkili bir sıra ali təhsil müəssisələrinin ölkənin regionlarına köçürülməsinin vacibliyini vurğulayıb.

“Misal üçün, Azərbaycan Turizm İnstitutunu turizmin inkişaf etdiyi regionların birinə köçürmək olar”, – deputat deyib. O, həmçinin kənd təsərrüfatının inkişafında bonus sisteminin tətbiq olunmasını və bununla da kənd təsərrüfatı məhsullarının ixracat potensialının gücləndirilməsinin vacib olduğunu bildirib

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO