Dağlıq Qarabağ problemi hər zaman İslam Əməkdaşlıq Təşkilatının gündəliyindədir

Dağlıq Qarabağ problemi hər zaman İslam Əməkdaşlıq Təşkilatının (İƏT) gündəliyindədir. Bunu təşkilatın baş katibi Ekmələddin İhsanoğlu Trend-ə müsahibəsində bildirib. “Dağlıq Qarabağ problemi hər zaman İƏT-in gündəliyindədir və İƏT hər zaman bu məsələdə Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcək”, – İhsanoğlu deyib. Baş katib onu da qeyd edib ki, o, qurumun baş katibi seçildikdən sonra bu məsələ daha da aktivləşdirlib.
“Problemi daha yaxından bilən bir adam kimi və ötən əsrin 90-cı illərində azərbaycanlı qardaşlarımızla problemi bir yerdə yaşayan bir insan olaraq, məsələyə münasibətim daha fərqlidir”, – o deyib.
İƏT baş katibi bildirib ki, Dağlıq Qarabağ probleminin müsəlman toplumlara daha dərindən tanıdılması istiqamətində də İƏT ciddi işlər görməkdədir.
“Problem sadəcə dövlət rəhbərlərinə deyil, eyni zamanda, digər dövlətlərin ictimaiyyətinə də dərindən təlqin edilməlidir. Çünki ictimaiyyətin problemlə tanış olması dövlətlərin bu məsələdə haqlı mövqe nümayiş etdirməsinə xidmət edə bilər”, – o qeyd edib.
İhsanoğlunun sözlərinə görə, onun ATƏT-də Dağlıq Qarabağla bağlı son çıxışı bəzi qurumlar tərəfindən xoş qarşılanmayıb.
“Azərbaycana Dağlıq Qarabağ məsələsində verdiyimiz dəstək heç bir dövlətə qarşı yönəlməyib. Bu beynəlxalq hüquq məsələsidir və İƏT hər zaman lazım olan dəstəyi verəcək”, – o bildirib.
İƏT Baş katibi onu da qeyd edib ki, təşkilatın yaranmasında təməl prinsiplərdən biri də İslam həmrəyliyinin olmasıdır.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO