Cenevrədə BMT-nin işgəncələrə qarşı Konvensiyası üzrə Azərbaycanın məruzəsi müzakirə edilib

BMT-nin işgəncələrə qarşı Konvensiyası üzrə Azərbaycanın üçüncü dövri məruzəsi Cenevrədə müzakirə olunub, bu barədə Trend News-a çərşənbə günü Azərbaycan XİN-in mətbuat mərkəzindən bildirilib. Xarici işlər nazirinin müavini Xələf Xələfovun başçılıq etdiyi nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının İşgəncələrə Qarşı Komitəsinin 43-cü sessiyası çərçivəsində 9-10 noyabr 2009-cu il tarixində BMT-nin “İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı” Konvensiyası üzrə Azərbaycanın məruzəsini təqdim edib.

Azərbaycan nümayəndə heyətinin başçısı Komitənin tövsiyələri nəzərə alınmaqla, ölkə qanunvericiliyin təkmilləşdirilməsi və implementasiyası, məhkəmə-hüquq, o cümlədən penitensiar sistemdə aparılmış islahatlar barədə məlumat verib.

Konvensiyanın həyata keçirilməsi ilə əlaqədar Azərbaycanın qarşılaşdığı çətinliklər və problemlər barədə məlumat verən nümayəndə heyətinin başçısı Xələfov çıxışında Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və bu təcavüzün nəticəsində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində etnik təmizlənmənin aparıldığı barədə Komitə üzvlərini məlumatlandırıb.

Komitə üzvləri çıxış edərək, Azərbaycan Hökumətinin insan hüquqlarının müdafiəsi sahəsində əsas beynəlxalq sənədlərə qoşulmasını, Avropa Şurasının İşgəncələrin qarşısının alınması üzrə Komitəsi ilə davam edən əməkdaşlığı, məhkəmə hüquq və penitensiar xidməti sahəsində aparılan islahatları yüksək qiymətləndirib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO