Bu il “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində iştirak üçün respublikanın ayrı-ayrı rayon və şəhərlərindən 132 məktəb müsabiqənin Təşkilat Komitəsinə müraciət edib.
Təhsil Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, bunu Azərbaycanın təhsil naziri Misir Mərdanov Təşkilat Komitəsinin iclasında deyib.
Onun sözlərinə görə, müsabiqədə iştirak üçün sənəd verən 132 məktəbdən 21-i 2007-2008-ci dərs ilində, 2-si isə 2008-2009-cu dərs ilində “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olub.
Müsabiqədə iştirak etmək istəyən ümumtəhsil müəssisələrindən 103 məktəbin müvafiq bal toplayaraq II mərhələyə buraxıldığını bildirən Mərdanov qeyd edib ki, “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsi üzrə məktəb direktorlarının təqdimat mərhələsinə martın 1-dən başlamaq nəzərdə tutulur.
Təhsil naziri “Ən yaxşı müəllim” müsabiqəsinə 2012-ci ildə 464, bu il isə 481 nəfərin sənəd təqdim etdiyini, onlardan 477-nin sənədinin ekspertizadan keçirilib qiymətləndirildiyini söyləyib. O bildirib ki, müsabiqədə iştirak üçün sənəd verən 477 nəfərdən 27-si 2007-2008-ci dərs ilində “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuş müəllimlərdir. İştirakçıların sayına görə ibtidai sinif (44 nəfər), ingilis dili (32 nəfər), Azərbaycan dili və ədəbiyyat (23 nəfər) müəllimlərinin üstünlük təşkil etdiyini nəzərə çatdıran təhsil naziri sənədləri qəbul olunmuş 477 müəllimdən müvafiq bal toplamış 201 nəfərin II mərhələyə buraxıldığını qeyd edib.
Mərdanov “Ən yaxşı müəllim” müsabiqəsinin II mərhələsinə martın 11-dən başlanmasının nəzərdə tutulduğunu bildirib.