Boston Consulting Group: SOCAR Trading – neft bazarının yaxşı təşkilatlanmış və rəqiblərinin hörmətini qazanmış bir iştirakçısıdır

“SOCAR Trading” şirkətinin (Azərbaycan Dövlət Neft Şirkətinin strukturu) yaradılması xam neft ixracının effektivliyinin əhəmiyyətli dərəcədə artırılmasına imkan yaradıb. Trend-in məlumatına görə, bu barədə “Boston Consulting Group” (BCG) konsaltinq şirkətinin “SOCAR Trading”in 2008-2013-cü illərdəki fəaliyyətinə həsr olunmuş hesabatında deyilir.

Hesabatda deyilir ki, BCG-nin qiymətləndirmələrinə görə, “SOCAR Trading” yaradıldıqdan sonra neftin satış qiymətinin orta artımı 1 barel üçün təxminən 1,7 ABŞ dolları təşkil edib, bu da 2009-cu ildən etibarən 360 mln. dollardan artıq illik gəlirin formalaşmasına səbəb olub. Beləliklə, 2009-cu ildən başlayaraq “SOCAR Trading” şirkətinin fəaliyyəti dövlətə 1,8 mlrd. dollar həcmində əlavə gəlir gətirib.

Hesabatda qeyd edilir ki, “SOCAR Trading” şirkəti əvvəlki sistəmlərdən fərqli olaraq xam neftin realizə edilməsində bazarın qısamüddətli imkanlarına və ya axsamalarına adaptasiya oluna bilən daha fəal və çevik sistemdir.

Xüsusilə, qeyd olunur ki, ARDNŞ tərəfindən neft birbaşa istifadəçilərə çatdırılmasaydı, “SOCAR Trading” 2011-ci ildə Liviya böhranı zamanı əldə etdiyi əlavə gəlir böyük ehtimalla xarici treyderlərdə qala bilərdi.

BCG qeyd edir ki, əlavə gəlirin yaranması düzgün strategiyanın nəticəsi olub. Xüsusilə, başqa şirkətlərə məxsus xam neft həcmlərinin ticarəti ARDNŞ-yə neft bazarının və keyfiyyət baxımından “Azeri Light”a uyğun xam neftin istehsal-istehlak tarazılığını daha da yaxşı anlamasına kömək edib. Bundan əlavə, birbaşa marketləşmə “Azeri Light”ın alıcıları olan bir sıra emalçılara müvafiq olan və alternativ yüngül neftin mövcudluğunu və qiymətini başa düşərək neftin maksimal qiymətlə satışına imkan yaradır. Nəhayət, malları Asiya-Sakit okean regionuna göndərərək, “SOCAR Trading” Aralıq dənizi bazarından yüngül neftin artıq həcmlərini çıxarmaqla “Azeri Light”ın qiymətini qoruyub saxlayır.

Qeyd edək ki, vacib məqamlardan biri “SOCAR Trading” şirkəti tərəfindən aktiv menecment sisteminin yaradılması ilə Azərbaycan neftinin son istifadəçilərə çatdırılması imkanı olub. Bu, ilk növbədə bazar biliklərinə əsaslanaraq sərfəli alıcılarla münasibətlərin fəal inkişafında, həmçinin neftin satış müddətinin emalın tələblərinə uyğun olaraq optimal qiymətləndirilməsində öz əksini tapır. Nəticədə, tələbin və təklifin idarə olunması, o cümlədən, “Azeri Light”ın regionda yüksək keyfiyyətli neft mövqeyini tutması kimi vacib komponentlər təmin edilib.

BCG-nin hesabatında bildirilir ki, “SOCAR Trading”in fəaliyyəti oxşar şirkətlərlə müqayisədə daha effektiv təşkil olunub. Xüsusilə qeyd edilir ki, Liviya böhranı zamanı əlavə dəyər əldə olunub.

Biznesin təşkili kontekstində BCG vurğulayır ki, ARDNŞ əlavə imkanlar yaratmaq üçün ən effektiv üsulu seçib və təcrübəli treyderlərlə müştərək müəssisələrin yaradılması xüsusilə qeyd olunur.

Nəticədə, BCG-nın fikrincə, “SOCAR Trading” neft ticarəti bazarında hörmətli iştirakçıya çevrilib: “Bu gün “SOCAR Trading” neft ticarəti bazarında öz rəqiblərinin hörmətini qazanmış, ticarət biznesinin artırılması mövqeyini tutmuş və beləliklə, təsisçi şirkətin kommersiya fəaliyyətini gücləndirən çox yaxşı təşkil olunmuş iştirakçıdır”.

Xatırladaq ki, baş qərargahı Cenevrədə yerləşən “SOCAR Trading” şirkəti Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən Anar Əliyev və Valeriy Qolovuşkinin həmtəsisçiliyi ilə 2007-ci ilin sonunda yaradılıb. Qeyd edək ki, A.Əliyev özünü neft sahəsində təsdiqləmiş nüfuzlu iş adamıdır, V.Qolovuşkin isə “Lukoil” şirkətinin Cenevrədə treydinq şirkətini – LukoilTrading-i yaradıb.

Şirkət Ceyhan (Aralıq dənizi, Türkiyə) limanından ARDNŞ-nin ixrac etdiyi xam neftin əsas hissəsinin satışı ilə məşğuldur, digər ölkələrin neft və neft məhsullarının satışını həyata keçirir, eləcə də tabe olduğu şirkətin beynəlxalq sərməyə məsələlərinə yardım edir. “SOCAR Trading” şirkətinin fəaliyyət sahəsi Avropa, Asiya və Amerika ölkələrini əhatə edir. Şirkətin ABŞ, Türkiyə, BƏƏ, Misir, Sinqapur və digər ölkələrdə nümayəndəlikləri mövcuddur.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO