Beynəlxalq hüququn təməl prinsiplərini manipulyasiya etmək tendensiyası aqressiv separatizmə gətirib çıxarır

Beynəlxalq hüququn təməl prinsiplərini manipulyasiya etmək tendensiyası aqressiv separatizmə gətirib çıxarır.

Trend-in məlumatına görə, bu sözləri Avropa Şurası Parlament Assembleyasının bazar ertəsi öz işinə başlayan yaz plenar sessiyası çərçivəsində aparılan sərbəst müzakirələrdə çıxış edən Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Rövşən Rzayev deyib.

Millət vəkili çıxışında bildirib: “Bu gün dünyada, o cümlədən Avropada inkişaf edən geosiyasi vəziyyət onu göstərir ki, beynəlxalq hüquq normaları prinsiplərinə əsaslanan beynəlxalq təhlükəsizlik sistemi böhran vəziyyətindədir. Bu da beynəlxalq hüququn təməl prinsiplərini manipulyasiya etmək tendensiyasına ciddi təsir edir. Bu isə öz növbəsində aqressiv separatizmə, müstəqil ölkələrin suverenliyinə qəsd təhrikinə gətirib çıxarır. Məsələn, Ermənistan xalqların öz müqəddəratını təyinetmə hüququndan sui-istifadə edərək və müharibəni başlamaqla, Azərbaycanın ərazisinin 20 faizini işğal edib”.

R.Rzayev bildirib ki, BMT-nin 1970-ci ildə qəbul olunmuş qətnaməsinə əsasən, Ermənistan tərəfinin tez tez müraciət etdiyi xalqların öz müqəddəratını təyinetmə prinsipi başqa əraziləri zəbt edən, zorakılık əməllərinə əl atan, etnik təmizləmə və kütləvi qətllər törədən işğalçılara şamil edilmir. Bundan başqa, 1975-ci iləd qəbul olunmuş Helsinki Yekun Aktı dövlətin öz razılığı olmadan onun ərazisinin bir hissəsinin ayrılmasını istisna edir. Beynəlxalq hüququn təməl prinsipləri ilə bağlı ikili standartlar təcrübəsi bundan sonra da bu kimi mənfi presedentlərin olmasına gətrib çıxaracaq.

R. Rzayev qeyd edib ki, Azərbaycan regionda sülhün və ədalətin bərqərar olmasına ümidvardır: “Azərbaycan Ermənistan tərəfindən beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasının qurbanı olmasına baxmayaraq, yenə də regionda sülhün və ədalətin bərqərar olmasına ümidini itirmir. Dağlıq Qarabağın Azərbaycan və erməni icmaları arasında dialoqun yaradılması bu istiqamətində böyük rol oynaya bilər. Bu xüsusda, Avropa məkanının Cənubi Qafqaz bölgəsində sülhün bərqərar olması və münaqişənin həlli yolları istiqamətində icmalararası dialoqun canlandırılmasında nüfuzu və rolu olan AŞ PA müəyyən fəaliyyət göstərə bilər”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO