Berlində Azərbaycan ilə Almaniya arasında növbəti siyasi məsləhətləşmələr keçirilib


Martın 12-də Berlində Azərbaycan ilə Almaniya Xarici İşlər Nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələr keçirilib. Məsləhətləşmələrdə Azərbaycan tərəfini xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edib.
Məsləhətləşmələr Almaniya Xarici İşlər Nazirliyində dövlət naziri xanım Kornelia Piper və Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi elçi Antye Lendertse ilə görüşlərlə başlayıb. Dövlət naziri Kornelia Piper Azərbaycanı Almaniya və Avropanın regionda vacib strateji tərəfdaşı adlandırıb. Həmçinin, Almaniyalı rəsmi bildirib ki, mühüm geosiyasi mövqeyə malik olan Azərbaycan Avropa İttifaqının regionda etibarlı təhlükəsizlik tərəfdaşıdır. Azərbaycanın regionda sabitləşdirici rolunun yüksək qiymətləndirilməsinin vacibliyi vurğulanıb.
Xanım Piper Almaniya və Azərbaycan arasında münasibətlərin sürətlə inkişaf etdiyini və bu inkişafda davamlılığın müşahidə olunduğunu qeyd edib. Yüksək səviyyəli dövlət səfərləri, Bakıda Alman Xarici Ticarət Palatasının açılması, alman şirkətlərinin Azərbaycana marağı, Azərbaycanın Almaniya və Avropa İttifaqı ilə sıx enerji əməkdaşlığı bu əlaqələrin dinamikasını təsdiq edir.
Xanım Piper, həmçinin, mədəniyyət sahəsində də əməkdaşlığın sürətlə inkişaf etdiyini və Azərbaycan gənclərinin xaricdəki təhsilini maliyyələşdirən Dövlət Proqramını xüsusi vurğulayıb. Qeyd olunub ki, hazırda iki ölkənin ali məktəbləri arasında təxminən 80 tərəfdaşlıq layihəsi mövcuddur.
Nazir müavini Xələf Xələfov Azərbaycan ilə Almaniyanın strateji tərəfdaşlıq səviyyəsində həyata keçirilən əməkdaşlığının daha da dərinləşməsi üçün yaxşı potensialın olduğunu vurğulayıb. Nazir müavini qeyd edib ki, Azərbaycan ilə Almaniya arasında siyasi, iqtisadi, təhsil, mədəniyyət və səhiyyə sahələrində əlaqələrin daha da genişləndirilməsində hər iki tərəf maraqlıdır. Bu əməkdaşlıq Azərbaycanın Avropa və Avroatlantik strukturlara inteqrasiyası prosesinə xidmət edəcək.
Nazir müavini Azərbaycanın Avropa dəyərlər sisteminin tərkib hissəsi olduğunu və Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının qarşılıqlı maraqlar üzərində qurulduğunu diqqətə çatdırıb. Avropa İttifaqı ilə enerji əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinə töhfə verməklə yanaşı, regional inkişaf və regional əməkdaşlıq üçün də şərait yaradır. “Cənub qaz dəhlizi”nin ərsəyə gəlməsi həm Avropa İttifaqının, həm Azərbaycanın, eləcə də Azərbaycanın yerləşdiyi regionun ümumi marağında olduğu qarşı tərəfin diqqətinə çatdırılıb. Qeyd olunub ki, Azərbaycan özünün coğrafi mövqeyinə əsasən Qərblə Şərq arasında enerji, nəqliyyat və kommunikasiya dəhlizinin inkişafına töhfə verir.
Görüşlərdə, eyni zamanda, Ermənistan-Azərbaycan münaqişəsi ətrafında geniş fikir mübadiləsi aparılıb. Xanım Piper vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsində “status-kvo” saxlanıla bilməz.
Xələf Xələfov bildirmişdir ki, münaqişənin həlli üçün aparılan danışıqlarda Ermənistan qeyri-konstruktiv mövqe nümayiş etdirir. Ermənistan tərəfindən işğal olunmuş ərazilərin azad olunması münaqişənin həllində mühüm əhəmiyyətə malikdir. Göstərilən səylər, xüsusilə də ATƏT-in Minsk Qrupunun vasitəçilik fəaliyyəti nəticə vermir. Nazir müavini Avropa İttifaqının bu istiqamətdə səylərinin artırılmasının vacibliyini vurğulayıb.
Məsləhətləşmələr çərçivəsində, həmçinin, Kansler Administrasiyasının xarici əlaqələr, təhlükəsizlik, qlobal məsələlər üzrə departamentinin rəis müavini Mixael Flüqqer, Prezident Administrasiyasının xarici siyasət departamentinin direktoru Haynts-Peter Ber və Bundestaqın xarici əlaqələr komitəsinin sədri Ruprext Polents ilə görüşlər keçirilib.
Sözügedən görüşlərdə ikitərəfli, regional və qlobal məsələlər müzakirə olunub. Almaniya tərəfi Azərbaycanın Avropa ilə sıx əməkdaşlığını yüksək qiymətləndirdiyini və buna böyük əhəmiyyət verdiyini diqqətə çatdırıb. Bildirilib ki, Ermənistan Azərbaycan münaqişəsinin həllində Avropa İttifaqının rolunun artırılması vacibdir. Eyni zamanda, qeyd olunub ki, regionun bugünkü beynəlxalq əhəmiyyətinin formalaşmasında Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən strateji layihələrin reallaşdırılması mühüm rol oynamaqdadır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO