Valideyn himayəsindən məhrum olmaları və müvafiq dövlət strukturlarında qeydiyyata alınmamaları səbəbindən baxımsız qalmış uşaqların sosial təminatla əhatə olunmaları və sosial reabilitasiya edilmələri məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində 50 nəfərlik ixtisaslaşdırılmış Sosial Reabilitasiya Mərkəzi və Sosial Sığınacaq inşa etdirilir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən inşa olunan mərkəzin və sığınacağın tikintisinin cari ildə başa çatdırılması, həmçinin respublikanın daha 7 rayonunda belə mərkəzlərin yaradılması planlaşdırılır.
Sosial reabilitasiya mərkəzləri və sığınacaqlar baxımsız qalmış uşaqların problemlərinin həllinə, təhsillərinin inkişaf etdirilməsinə, cəmiyyətə inteqrasiya olunmalarına kömək göstərəcək, onlara tibbi, hüquqi, sosial xidmətlərin göstərilməsini təmin edəcək. Həmçinin ehtiyac olduğu təqdirdə baxımsız uşaqlar sığınacaqla təmin olunacaq.