Baş Prokurorluq: Bəzi hüquq müdafiəçiləri dövlət əleyhinə cinayətlərdə ittiham olunan şəxslərin qanunazidd əməllərinə bəraət qazandırmağa cəhd göstərirlər

“Bu gün bəzi dırnaqarası hüquq müdafiəçiləri dövlətimizin suverenliyi və təhlükəsizliyi əleyhinə olan cinayətlərdə ittiham olunan şəxslərin “hüquqlarını” müdafiə etmək məqsədi ilə müxtəlif təşkilatlar yaradaraq onların qanunazidd əməllərinə bəraət qazandırmağa cəhd göstərirlər”. Bunu Trend-in sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib.

Azərbaycanın hərbi sahədə sirlərinin yayılması faktları ilə əlaqədar ötən aylarda respublikanın hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri barədə qısa məlumat verən mətbuat xidmətinin rəhbəri bildirib ki, əvvəlki dövrlərin statistikasının təhlili, eyni zamanda, cinayət işlərinin istintaqı göstərir ki, ölkəmizdə fəaliyyət göstərən bəzi QHT-lərin, ayrı-ayrı şəxslərin, jurnalistlərin, digər vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin “xalq diplomatiyası” adı altında həyata keçirdikləri səfərlər, görüşlər zamanı hərbi və digər dövlət sirləri Ermənistanın xüsusi xidmət orqanlarına ötürülməklə onların maraqlarına xidmət edib:

“Aparılmış istintaqla müəyyən edilmişdir ki, hüquqi qeydiyyatdan keçməyən qurumun sədri Leyla Yunusova və əri Arif Yunusov hələlik adları açıqlanmayan ayrı-ayrı Azərbaycan Respublikası vətəndaşlarını Ermənistan xüsusi xidmət orqanlarının nümayəndələri ilə məxfi əməkdaşlığa cəlb edərək, ölkəmizə qarşı istifadə məqsədilə hərbi vəziyyət barədə məlumatlar toplanılmasına dair onlara konkret tapşırıqlar veriblər. Bunun nəticəsində Leyla və Arif Yunusovlar “Zerkalo” qəzetinin müxbiri Rauf Mirqədirov tərəfindən hərbi hissələrin və sair strateji əhəmiyyətli dövlət obyektlərinin yerlərinin dəqiqliklə təsvir olunduğu sxemin fotoşəkillərlə birlikdə düşmən ölkənin kəşfiyyat orqanlarının nümayəndələrinə ötürülməsinə nail olublar”.

Onun sözlərinə görə, Rauf Mirqədirovun erməni aviaşirkətləri vasitəsi ilə alınmış biletlərlə 6 dəfə Ermənistanda olması onun səfərlərinin məhz düşmən ölkənin xüsusi xidmət orqanları tərəfindən təşkil edilməsini bir daha təsdiqləyir: “Göründüyü kimi, həmin şəxslərin ictimai fikri çaşdırmağa hesablanmış və Azərbaycan torpaqlarının işğalı vəziyyətində “xalq diplomatiyası” adı altında vətəndaş cəmiyyətləri arasında münasibətləri “yaxşılaşdırmaq” cəhdinin arxasında mövcud vəziyyətlə barışmaq kimi çox təhlükəli ideyalar durması artıq hər kəsə məlumdur. Bu da öz növbəsində onların törətdikləri əməlin yüksək ictimai təhlükəliliyini bir daha sübut edir”.

E.Sultanov əminliklə bildirib ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun kollektivi bundan sonra da digər əlaqədar dövlət orqanları ilə birlikdə dövlətçiliyimizin maraqlarının, ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığın bütün təzahürlərinə qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün səlahiyyətləri çərçivəsində zəruri tədbirlərin görülməsini təmin edəcəkdir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO