BAMF-ın prezidenti: Sərsəng su anbarından siyasi məqsədlər üçün istifadə olunması dayandırılmalıdır

Dağlıq Qarabağda yerləşən Sərsəng su anbarının ekoloji mühiti Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi nəticəsində kəskin şəkildə pisləşib. Ermənistanın nəzarəti altında olan anbara məxsus ehtiyatlardan siyasi təhdid vasitəsi kimi istifadə olunur. Nəticədə əksəriyyəti qaçqın və məcburi köçkün olmaqla, cəbhə xəttində yaşayan azərbaycanlılar su çatışmazlığı problemini yaşayır və kənd təsərrüfatı ilə tam olaraq məşğul ola bilmir. Bu fikirləri Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev Braziliyada keçirilən səkkizinci Dünya Su Forumunda çıxışı zamanı bildirib. BAMF-dan AZƏRTAC-a bildiriblər ki, martın 17-də işə başlayan Forum Dünya Su Şurasının təşkil etdiyi, dünyanın su ehtiyatlarına həsr olunmuş ən böyük tədbiridir. Umud Mirzəyev qeyd edib ki, bu anbar ətrafdakı təxminən 96 min hektar ərazini suvarma suyu ilə təmin etmək üçün inşa edilib. Ona görə də bu təxirəsalınmaz humanitar problemi nəzərə alan Avropa Şurası Parlament Assambleyası 2016-cı il yanvarın 26-da qətnamə qəbul edərək Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal çıxarılması və su ehtiyatlarından siyasi alət kimi istifadə olunmamasına dair qərar verib. Lakin bu qətnamə hələ də yerinə yetirilməyib.

BAMF-ın prezidenti, həmçinin 2010-cu ildə BMT Baş Assambleyasının insanın su təchizatı və sanitariya hüququnu tanıyan qətnamə qəbul etdiyini xatırladıb: “Hər kəsin şəxsi və məişətdə istifadə edə bilməsi üçün təhlükəsiz və fiziki olaraq su əldə etmək imkanı olmalıdır. Lakin bu gün su çatışmazlığından sülh, təhlükəsizlik və davamlı inkişafın dəstəklənməsinə yönəlmiş beynəlxalq sənədlərə, beynəlxalq norma və standartlara məhəl qoyulmadan siyasi maraqlar üçün istifadə olunur”.

Umud Mirzəyev deyib ki, bu problem bu gün daha dəhşətlidir. Beynəlxalq ictimaiyyət bu problemi anlamalı və dünyada hər bir insanın təmiz suya olan ehtiyacını təmin etməlidir. BAMF prezidenti suyun böhran deyil, sülh aləti olması üçün vətəndaş cəmiyyətinin bütün nümayəndələrini, qaçqın və məcburi köçkünləri bütün qüvvələri birləşdirərək əməkdaşlıq qurmağa çağırıb: “Gəlin birlikdə insan üçün həyati əhəmiyyət daşıyan su anbarları, çaylar və digər su mənbələrinin olduğu işğal edilmiş ərazilərin azad olunmasına çalışaq. Biz supergücləri yalnız siyasi maraqlarını düşünməyi dayandırmağa və insanların həyatları haqqında, evlərini tərk etməyə məcbur olmuş milyonlarla qaçqın və məcburi köçkünlərin həyatları barədə düşünməyə başlamağa inandırmalıyıq”. Tədbirdə Ermənistan silahlı qüvvələrinin nəzarəti altında olan Sərsəng su anbarındakı ekoloji fəlakətlə bağlı Azərbaycanın cəbhəyanı ərazilərində su problemləri barədə BAMF-ın hazırladığı videosüjet nümayiş olunub. Videoda su çatışmazlığı və əkinçiliklə məşğul olmağın qeyri-mümkünlüyü barədə danışan yerli sakinlərlə bağlı kadrlar göstərilib. Eləcə də iştirakçılara Böyük Britaniyanın tanınmış siyasi jurnalisti, yazıçı, tarixçi, siyasi şərhçi Adel Darvişin Qarabağın su problemləri ilə bağlı fikirləri nümayiş etdirilib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO