Bakıda yanğının olduğu məscidin gözətçisi ifadə verib

Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir İlkin İzzət/

Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsindəki məsciddə yanğın baş verib. Bu barədə Trend-in sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildiriblər.

Məsciddə yanğının baş verməsi barədə Dövlət Yanğından Mühafizə Xidmətinə məlumat bu gün saat 02:38-də daxil olub.

İlkin məlumata görə, ümumi ərazisi 300 kv.m olan məsciddə 5 kv.m-lik xalça və palaz yanıb.

Hadisə yerinə 3 yanğınsöndürən briqada cəlb olunub. Yanğın qısa vaxt ərzində söndürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Daxili İşlər Nazirliyindən isə Trend-ə bildiriblər ki, məscidin gözətçisi ifadəsində iki naməlum şəxsin məscidə daxil olaraq yanğın törətməyə cəhd göstərdiyini deyib.

Hələlik yanğının necə və hansı şəraitdə baş verdiyi araşdırılır.

Qeyd edək ki, Qaraçuxur qəsəbəsindəki məscidin axundu KİV-ə açıqlamasında deyib ki, iki naməlum şəxs məscidin şüşələrini sındıraraq qəsdən yanğın törədib. Hətta məscidi yandıranlar gözətçiyə güc də tətbiq ediblər. Hadisə şahidlərinin bildirdiyinə görə, bunu edənlər 2 nəfər olub.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO