Bakıda təhlükəsizlik qaydalarını pozduğuna görə 18-dək sahibkar marşrutlardan kənarlaşdırılıb

Azərbaycan Nəqliyyat Nazirliyi ictimai nəqliyyatda sərnişindaşımaların təhlükəsizliyinin təmin olunması üzrə mübarizəni sərtləşdirmək niyyətindədir. Trend xəbər verir ki, bu barədə çərşənbə günü jurnalistlərə Azərbaycanın nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.

Onun sözlərinə görə, ictimai nəqliyyatda sərnişindaşımaların təhlükəsizliyinin təmin olunması ən vacib məsələlərdən biridir və nazirlik tərəfindən bu istiqamətdə müntəzəm şəkildə lazımi reydlər aparılır, lakin hələlik sərnişin avtobuslarının iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının tam şəkildə alınması mümkün olmayıb.

M.Pənahov bildirib ki, lakin təhlükəsizlik qaydalarına riayət etməyən sürücülər barəsində işdən kənarlaşdırılmaya kimi sərt ölçülər tətbiq edilir. Həmçinin belə pozuntular və sərnişindaşımaların keyfiyyətinin aşağı olması səbəbindən sahibkarlar da marşrutlardan kənarlaşdırılır. Pənahovun sözlərinə görə, son illər ərzində marşrutlardan 17-18 sahibkar uzaqlaşdırılıb.

Nazir müavini deyib ki, ictimai nəqliyyatda rəqabətin artırılması üçün “Baku Bus” şirkəti yaradılıb ki, bu da ictimai nəqliyyatda xidmətlərin keyfiyyətinin yüksəldilməsinə də gətirib çıxaracaq: “Bu, sərnişinlərə göstərilən xidmətlərin keyfiyyətini təmin etməyə imkan verəcək”.

“Baku Bus” şirkəti Bakı Şəhər İcra Hakimiyyəti yanında yaradılıb. Onun üçün Fransanın “Iveco” şirkətindən “Crealis CNG” markalı 150 avtobus alınıb. Bu avtobuslar müasir ekoloji standartlara (Avro-6) cavab verir və qazla işləyir. Onlarda GPS sistemləri quraşdırılıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO