Bakıda Beynəlxalq Atçılıq Federasiyasının Baş Assambleyasının büro iclası keçirilib

Bakıda Beynəlxalq Atçılıq Federasiyasının (FEI) Baş Assambleyasının büro iclası keçirilib. Bu barədə Azərbaycan Atçılıq Federasiyasının (ARAF) mətbuat xidmətindən bildiriblər.

İclasda Beynəlxalq Atçılıq Federasiyasının prezidenti, İordaniya Şahzadəsi, Ülyahəzrət Haya Bint əl-Hüseyn və milli federasiyaların rəhbərləri iştirak ediblər.

FEI Baş Assambleyası dünya atçılığında mühüm hadisələrdən biridir. O, hər il müxtəlif şəhərlərdə keçirilir, bu il isə tədbir ilk dəfə olaraq dekabrın 11-14-də Bakıda təşkil olunur. Federasiya rəhbərlərinin nümayəndələri və fəxri qonaqlar ARAF tərəfindən Bakıya dəvət olunublar. Bakının müasir rəmzlərindən biri olan “Fairmont” hotelində keçirilən tədbirdə federasiyanın 350 nümayəndəsi və 110 ölkədən fəxri qonaq iştirak edir ki, bu da FEI Baş Assambleyasının keçirildiyi tarix ərzində rekorddur. Bütün atçılıq milli federasiyalarının nümayəndələrinin toplaşdıqları forumda atçılığın inkişafına dair bütün məsələlər, maliyyələşdirmə, menecment və s. problemlər müzakirə olunur və həll edilir.

Bu il Baş Assambleyada Beynəlxalq Atçılıq Federasiyası prezidentinin seçkiləri keçiriləcək. İnqmar de Vos (Belçika), Pyer Durand (Fransa), Pyer Genesand (İsveçrə), Ulf Xenqstand (Danimarka), Con Mak İven (İngiltərə) və Havyer Revuelta Del Peral (İspaniya) bu posta iddiaçıdırlar. Onlardan Con Mak İven FEI-in vitse-prezidenti, İnqmar de Vos isə federasiyanın baş katibidir.

Azərbaycan Atçılıq Federasiyası (ARAF) 1996-ci ildə yaradılıb. Federasiyanın prezidenti Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevdir.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO