Bakıda Əlimərdan bəy Topçubaşovun anadan olmasının 150 illiyinə həsr edilmiş beynəlxalq konfrans keçirilib

Bu gün ADA Universitetində Əlimərdan bəy Topçubaşovun anadan olmasının 150 illiyinə həsr edilmiş beynəlxalq konfrans keçirilib.

Trend-in məlumatına görə, ADA Universitetinin, Xarici İşlər Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarov, ADA Universitetinin rektoru Hafiz Paşayev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, Azərbaycanın digər dövlət rəsmiləri, xarici ölkələrin Azərbaycandakı səfirləri və digər qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Hafiz Paşayev qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə Azərbaycanın tarixi şəxsiyyətlərinin yubileyləri dövlət səviyyəsində qeyd olunur.

Bugünkü tədbirin də dövlət başçısının sərəncamına əsasən keçirildiyini qeyd edən H.Paşayev Əlimərdan bəy Topçubaşovun fəaliyyəti haqqında danışıb.

ADA Universitetinin rektoru qeyd edib ki, Əlimərdan bəy Topçubaşov Azərbaycanın milli kimliyini müəyyən edən və Qərbə qovuşmasını ideya istiqaməti kimi göstərən ilk siyasi xadimlərdən biri, bəlkə də birincisi idi. Onun sözlərinə görə, Əlimərdan bəy Topçubaşovla bağlı olan tarix Azərbaycan xalqının milli birlik tarixidir. H.Paşayev qeyd edib ki, o, öz coşqun fəaliyyəti ilə yalnız Azərbaycan xalqının deyil, bütün qeyri-rus xalqlarının liderinə çevrildi. Rektor bildirib ki, Əlimərdan bəy Topçubaşovun fəaliyyətini yenidən öyrənmək və onu ictimaiyyətə təqdim etmək bizim vəzifə borcumuzdur.

Daha sonra çıxış edən Milli Məclis sədri Oqtay Əsədov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə xalqın tarixi şəxsiyyətlərinin yubileylərinin keçirilməsi tarixi dəyərlərin nə qədər böyük əhəmiyyətə malik olmasını sübut edir.

O.Əsədov vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri olan Əlimərdan bəy Topçubaşov XX əsrin əvvəlində Azərbaycan xalqının müstəqilliyi və azadlığı uğrunda mühüm işlər görüb.

Onun sözlərinə görə, Şərqdə ilk müsəlman dövləti olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli dirçəliş prosesinin məntiqi nəticəsi oldu. Spiker qeyd edib ki, Əlimərdan bəy Topçubaşov hərtərəfli istedada malik olan bir şəxs kimi Azərbaycanın beynəlxalq aləmdə tanıdılması üçün bütün qüvvəsini sərf edib. Beynəlxalq konfranslarda nümayəndə heyətinə rəhbərlik etməklə, Əlimərdan bəy Topçubaşov çoxlu sayda görüşlər keçirib və Azərbaycanın dünyada tanınmasına mühüm töhfələr verib.

Daha sonra çıxış edən xarici işlər naziri Elmar Məmmədyarov qeyd edib ki, görkəmli Azərbaycan diplomatı Əlimərdan bəy Topçubaşovun Azərbaycan diplomatiyası tarixində çox böyük rolu var. Onun sözlərinə görə, Əlimərdan bəy Topçubaşov şəxsiyyətinə müxtəlif yanaşmalar və mövqelər mövcuddur.

E.Məmmədyarov bildirib ki, istedadlı diplomat və vətənpərvər Əlimərdan bəy Topçubaşov bütün həyatını Azərbaycan xalqının gələcəyinə həsr edib. Nazir deyib ki, müstəqillik Azərbaycan tarixində mühüm məqamlardan biridir və onun əsası Əlimərdan bəy Topçubaşovun dövründə qoyuldu: “Biz isə onun bu arzusunu yerinə yetirdik”.

AMEA prezidenti Akif Əlizadə çıxışında qeyd edib ki, Əlimərdan bəy Topçubaşovun fəaliyyəti Azərbaycanın keşməkeşli və çətin tarixi dövrünə düşüb. A.Əlizadə bildirib ki, ulu öndər Heydər Əliyevin dediyi kimi, Azərbaycan xalqı əbədi müstəqillik qazandıqdan sonra, Azərbaycanın tarixi şəxsiyyətlərinin xatirəsinin anılması ənənəvi hal alıb.

AMEA prezidenti qeyd edib ki, Əlimərdan bəy Topçubaşov xalqına xidmət üçün diplomatiya yolunu seçmişdi və o, Azərbaycan diplomatiya məktəbinin yaradıcılarından biri olub.

Daha sonra konfransda tarixçilərin Əlimərdan bəy Topçubaşovun həyat və fəaliyyəti barədə məruzələri dinlənilib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO