Bakı yollarında insan həyatına biganəlik problemi

Bəzən təcili tibbi yardım maşınları keçid üçün yol istəyir, lakin digər avtomobillərin sürücüləri onlara yol vermirlər. Təcili tibbi yardım maşınları onlara yol verilmədiyinə və ya yollardakı tıxacda qaldığına görə çağırış ünvanına vaxtında gedib çata və ya xəstəni xəstəxanaya vaxtında çatdıra bilmir. Bu isə çox vaxt ciddi problemlər törədir.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) baş həkiminin müavini Oqtay Şahmalıyev Trend-ə bildirib ki, hər gün stansiyanın 140 həkim briqadası çağırışlara çıxır: “Lakin şəhərdəki tıxaclar və maşınlarımıza yol verilməməsi həmin briqadalar üçün problem yaradır. Biz bununla bağlı statistika aparmırıq. Amma istər-istəməz əgər təcili tibbi yardım maşınına yol verilmirsə, bu, onlara çağırışı icra etməkdə problem törədir. Məsələn, ünvana çatmaq üçün 5 dəqiqə vaxt lazımdır, amma bu problemlər səbəbindən müəyyən ləngimələr baş verir”.

Yol hərəkəti ilə bağlı silsilə kitabların müəllifi, Silahlı Qüvvələrin Hərbi Akademiyasının professoru, polkovnik-leytenant Əziz Talıbov Trend-ə bildirib ki, operativ nəqliyyat vasitələri xidməti zərurətdən irəli gələn hərəkət zamanı təchiz olunmuş səs və ya sayrışan işıq siqnalını qoşmalıdırlar: “Çünki onlar xidməti zərurət üzrə olmayan digər işlər üçün də gedə bilərlər. Bu zaman nə səs, nə də işıq siqnallarının qoşulmasına ehtiyac olmur. Əgər onlar qoşulmayıbsa, deməli həmin nəqliyyat vasitələri üstünlüyə malik deyil. Bütün digər nəqliyyat vasitələri kimi onlar da yol nişanlarının tələblərinə və digər qaydalara əməl etməlidirlər. Əgər zərurət varsa və səs və işıq siqnalları qoşulubsa, bu zaman onlar digər nəqliyyat vasitələrinə nisbətən üstünlüyə malik olur. Amma həmin nəqliyyat vasitələrinin sürücüləri nəzərə almalıdırlar ki, üstünlükdən istifadə etdikləri zaman digər nəqliyyat vasitələri və piyadalar üçün təhlükə yaratmamalıdırlar. Digər nəqliyyat vasitələri və piyadalar da üstünlüyə malik nəqliyyat vasitələri üçün maneə yaratmamalı və istənilən halda onlara yol verməlidirlər. Bu, “Yol hərəkəti haqqında” Qanunun 48 və 74-cü maddələrində təsbit olunub”.

Ə.Talıbov hesab edir ki, təcili tibbi yardım və ya yanğınsöndürən maşınlara yol verilməməsi ilk növbədə daha çox mentallıq, mənəviyyatla, sürücülərin yol mədəniyyətinin zəif olması, onların yol hərəkəti qaydalarını bilməmələri, cəza qarşısında qorxu hissi keçirməmələri ilə bağlı məsələdir: “Sürücülərin əksəriyyəti digərlərinə yol verməyi öz qüruruna sığışdırmırlar. Səs və ya sayrışan işıq siqnalı varsa, istənilən halda sağa çəkilib yol vermək lazımdır. Əgər hərəkət istiqamətində iki və daha artıq hərəkət zolağı varsa, sürücülərin dayanması mütləq deyil. Onlar sağ zolağa keçməklə hərəkətini davam etdirə, sol zolağı da operativ nəqliyyat vasitələri üçün boşalda bilərlər. Əgər hərəkət istiqamətində yalnız bir zolaq varsa, bu halda yolun sağ kənarına çəkilməli, yol çiyni olduğu halda, yol çiyninə çıxıb hərəkəti dayandırmalı, operativ nəqliyyat vasitəsi keçəndə sonra hərəkəti davam etdirməlidirlər”.

Onun fikrincə, bunun digər səbəbi isə texniki məsələlərlə bağlıdır: “Belə ki, yolların strukturu, avtomobillərin sıxlığı elə olur ki, yol vermək istəyən sürücü belə bunu edə bilmir. Çünki nə sağ zolağa, nə sola, nə qarşıya keçə bilir. Bundan da çıxış yolu müxtəlifdir. Bəzi ölkələrdə operativ nəqliyyat vasitələrinin hərəkəti üçün xüsusi zolaq ayrılır və o zolağa digər nəqliyyat vasitələri girə bilməz. Məsələn, Rusiyada buna rast gəlmək olar. Amma bizdə hələ ki, qanunvericilikdə belə hal nəzərdə tutulmayıb. Amma gələcəkdə bu, nəzərə alına bilər. Hansı yollarda sıxlıq, tıxac ehtimalı çox olursa, həmin yollarda ayrıca zolaq yaradıla bilər”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis polkovniki Kamran Əliyev Trend-ə deyib ki, sürücülər unutmamalıdırlar ki, üstün keçid hüququ olan nəqliyyat vasitələrinə yol verməyənlər qanunvericiliyin tələbinə uyğun olaraq məsuliyyətə cəlb edilirlər: “Azərbaycanda sürücülər bəzən üstün keçid hüququ olan nəqliyyat vasitələrinə yol vermirlər. Belə hallara görə onları sərt cəza tədbirləri gözləyir. Üstün keçid hüququ olan, qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı ilə işarə verən nəqliyyat vasitəsi yaxınlaşdıqda hərəkətin digər iştirakçıları ona dönmə işıq göstəricisini yandırmalı, üstün keçid hüququ olan nəqliyyat vasitələri üçün zolağı boşaltmalı və ya yol qırağına mümkün qədər yaxın hərəkət etməli, zərurət olduqda isə hətta nəqliyyat vasitəsini dayandırmalıdırlar. Sürücülər bilməlidirlər ki, İnzibati Xətalar Məcəlləsinin 151-4-cü maddəsinə əsasən, xüsusi səs, qırmızı və ya göy sayrışan işıq siqnalı verən, keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə və ya belə nəqliyyat vasitəsinin müşayiət etdiyi mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət edilməsinə görə yüz manat məbləğində cərimə edilir. Bundan əlavə, həmin qayda pozuntusu 3 cərimə balı ilə qiymətləndirilir”.

Onun sözlərinə görə, “Yol hərəkəti haqqında” Qanunun 1-ci maddəsində verilən əsas anlayışlara görə, operativ nəqliyyat vasitələri – yanğından mühafizə, polis, təcili tibbi yardım, qəza-xilasetmə bölmələrinin, hərbi avtomobil müfəttişliyinin funksional tapşırıqlarının yerinə yetirilməsi, pul mədaxilinin inkassasiyası və qiymətli yüklərin daşınması, Azərbaycan Respublikasının ali vəzifəli şəxslərinin mühafizəsi vəzifələrinin icrası üçün nəzərdə tutulan, üstündə xüsusi qrafikalı rəngli sxemlər, yazılar və tanınma nişanları olan, xüsusi işıq və səs siqnalları ilə təchiz edilmiş avtomobillərdir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO