Bakıda “Ümummilli lider Heydər Əliyev-90 ” mövzusunda konfrans keçirilib

“Ümummilli lider Heydər Əliyev-90” mövzusunda konfrans cümə axşamı öz işinə başlayıb.

Trend-in məlumatına görə, millət vəkili, “Azərbaycan” qəzetinin baş redakrotu Bəxtiyar Sadıqov tədbirin açılışında bildirib ki, bu il Azərbaycanda baş verəcək ən əhəmiyyətli hadisə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinin qeyd olunmasıdır. Sadıqov bu tədbirlərin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncam imzaladığını xatırladıb.

“Dövlət müstəqilliyinin iki şərti var. Heydər Əliyev həm daxili, həm də xarici siyasətdə Azərbaycanın qüdrətlənməsinə nail olub”, – Sadıqov bildirib.

Azərbaycan Prezidentinin yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov çıxışında qeyd edib ki, Azərbaycan xalqının son əsrdə dünyaya bəxş etdiyi böyük vətəndaş, azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı, müdrik siyasi xadim kimi tarix səhifələrində silinməz iz qoymuş Heydər Əliyevin milli dövlətçiliyimizin formalaşmasında, möhkəmləndirilməsində və inkişafında misilsiz fəaliyyəti hələ bundan sonra da öyrəniləcək və hər birimiz üçün tükənməz örnək olaraq qalacaq. Bu gün Azərbaycan dövləti, Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi altında gələcəyə, inkişafa doğru məhz Heydər Əliyevin təməlini qoyduğu yol ilə inamla irəliləməkdədir.

SAM direktoru bildirib ki, Azərbaycan dövlətinin ən çətin və ən mürəkkəb mərhələsində, hərbi təcavüz, iqtisadi sarsıntılar, vətəndaş müharibəsi təhlükəsinin yaxınlaşdığı bir dövrdə xalqın çağırışı ilə hakimiyyətə gələn Heydər Əliyev dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatları ilə əlaqələri Azərbaycan xalqının milli mənafelərinin təmin olunması prinsipləri üzərində quraraq, ölkəmizin xarici siyasətini bu təməl üzərində uğurla inkişaf etdirib. Onun səyləri nəticəsində gənc və müstəqil Azərbaycan Respublikasının xarici siyasətində əsaslı dönüş yarandı, diplomatik uğurlar əldə olundu, ölkəmiz qısa zaman kəsiyində regionda həlledici sözə malik lider dövlətə çevrildi.

Məmmədov çıxışında xatırladıb ki, Heydər Əliyevin iqtisadi siyasətinin, eləcə də Neft Strategiyasının əsas məqsədi də Azərbaycanın davamlı iqtisadi tərəqqisini təmin etmək idi.

“Bu baxımdan Azərbaycan Respublikasının perspektiv fəaliyyət proqramı olan, yeni strateji hədəflərinin müəyyənləşdirilməsi zərurətindən yaranan “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası kimi mühüm sənədin fəlsəfəsi də ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının mənafelərinə yönəldilmiş siyasətindən qaynaqlanır. Bu mənbə iqtisadi, mədəni, intellektual potensialımızın inkişafında, Azərbaycanın geoiqtisadi əhəmiyyətinin, onun Avropaya inteqrasiyasının gücləndirilməsində, ilk növbədə, xalqımızın sosial rifahının yüksəldilməsində müstəsna rol oynayacaq”, – Məmmədov bildirib.

Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov isə çıxışında bildirib ki, Heydər Əliyev qarşısında duran vəzifələri həll etmək üçün yalnız siyasi-diplomatik üsula üstünlük verdi.

“Ən çətin anlarda belə Heydər Əliyev danışıqlar, diplomatiya yolunu seçdi. Bununla, ümummilli lider, ilk növbədə, cəmiyyətin müxtəlif dairələrinin maraqlarını nəzərə alaraq siyasi qarşıdurmanın kəskinləşməsinə imkan vermədi; ikincisi, xarici düşmənlərin bundan yararlanmaq şansı əldə etməsinin qarşısını kəsdi; üçüncüsü, Azərbaycanın siyasi səhnəsində diplomatik fəaliyyət mədəniyyətinin yerini möhkəmləndirdi; dördüncüsü, növbəti nəsil siyasətçilərə nümunə oldu”, – PA rəhbərinin müavini qeyd edib.

PA rəsmisinin sözlərinə görə, Heydər Əliyevin siyasi-diplomatik peşəkarlığı ilə böyük rəhbər və insan kimi güclü iradəsi həlledici rol oynadı və o, beynəlxalq aləmdən Azərbaycanın suverenliyinə və müstəqilliyinə təminat alaraq iki istiqamətdə strateji dividend əldə etdi. Birincisi, Qərblə strateji əməkdaşlığa hazır olduğuna dünyanı inandırdı. İkincisi, bu strateji əməkdaşlığın imkanlarından yararlanaraq öz iqtisadiyyatının gələcək inkişafını təmin etmək imkanı qazandı.

“Sistemli surətdə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın xarici siyasətində yüksəliş başladı. Qısa müddətdə Heydər Əliyev bu prosesin dönməzliyini təmin etdi. Nəticədə, Azərbaycanın xarici siyasəti XXI əsrə qlobal miqyasda baş verən geosiyasi proseslərə, regional vəziyyətə və dünyanın enerji təhlükəsizliyi sisteminin qurulması dinamikasına çevik reaksiya verən sistem kimi daxil oldu. Bu sistem daim özünü yeniləşdirir, meydana çıxan gözlənilməz situasiyalara konstruktiv reaksiya verir. Bu vəzifələrin fövqündə ölkənin ərazi bütövlüyünün təmini, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinin xarici siyasətin başlıca vəzifəsi olması qətiyyətlə nümayiş etdirilir”, – Novruz Məmmədov bildirib.
PA rəsmisi bildirib ki, Heydər Əliyevin hakimiyyəti dövründə nəzərə alındı ki, qlobal səviyyədə geosiyasi mühit Qərbin xeyrinə ciddi sürətdə dəyişir, digər tərəfdən Rusiya ilə əlaqələri kəsmək çox təhlükəli və tarixi gerçəklik baxımından perspektivsizdir. Üçüncüsü, Türkiyə məlum səbəbdən bölgədə Azərbaycanın strateji tərəfdaşı olmalıdır, dördüncüsü, İran xarici siyasətdə ciddi yer almalıdır, İranla əməkdaşlıq fərqli seçilməlidir, beşincisi, strateji istiqamət olaraq Qərbə inteqrasiya xətti götürülməlidir. Bununla da balanslaşdırılmış xarici siyasət dərin təhlil əsasında dəqiq hesablanmış siyasi proqnozlara uyğun olaraq qurulub. Bu siyasətin mərkəzində güclü Azərbaycan dövləti və demokratik cəmiyyət yaratmaq durub. Onun əsas vəzifələrindən biri ölkənin pozulmuş ərazi bütövlüyünü təmin etməkdir.
“Müasir tarixi mərhələdə enerjidaşıyıcıların əhəmiyyətini nəzərə alsaq, böyük dövlətlərin belə bir ölkəyə marağını tam təsəvvür edərik. Məlumdur ki, enerji siyasəti XX əsrin ikinci yarısından dünya geosiyasətinin əsas problemlərindən biri və bəzən birincisi hesab olunur. Azərbaycanın zəngin neft və qaz ehtiyatlarına malik olması böyük dövlətlərin diqqətini çox çəkir. Lakin onların böyük bir səhvi var – onlar bu zənginliklərdən yararlanmaq üçün onun sahibi olan Azərbaycanın müstəqilliyini, sərbəst qərar vermək, kiminlə istəsə onunla əməkdaşlıq etmək hüququnu tanımaq istəmirlər. Görünür, tarixdə baş verən bəzi hadisələrlə onlarda bəzi təsəvvür formalaşıb. Məsələ geosiyasi qravitasiya mərkəzinin Qərbdən Şərqə meyillənməsi prosesi ilə bağlıdır”, – Novruz Məmmədov bildirib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova isə “Heydər Əliyevin sosial siyasətində gender bərabərliyi” mövzusunda çıxışı zamanı deyib ki, Heydər Əliyevin fəaliyyət istiqamətlərindən birini onun sosial siyasətində gender bərabərliyinin gücləndirilməsi təşkil edirdi.
“İndiki qlobal inkişaf zəminində dünyanın gender balansı böyük əhəmiyyət daşıyır. İnkişaf etmiş ölkələrdə gender stereotiplərinə kreativ yanaşma zamanın tələbidir. Bu da çoxəsrlik ənənələrə malik, Şərqlə Qərb arasında körpü rolu oynayan Azərbaycan üçün prioritet xarakter kəsb edir. Ölkəmiz genderlə bağlı yeniliklərə ilk imza atan dövlətlərlə bir sıradadır. Ona görə ki, digər sahələrdə olduğu kimi, gender problemində də bizim əlimizdən tutan bir böyük siyasi irs və siyasi məktəb var. Bu, dahi Heydər Əliyev irsi, Heydər Əliyev məktəbidir”, – Hüseynova bildirib.
Hüseynova deyib ki, Prezident İlham Əliyevin fərmanı ilə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun qəbulu qadın məsələlərinin hər zaman dövlət başçımızın diqqət mərkəzində olduğunun təzahürüdür.
“Həmçinin, Ailə Məcəlləsində qızların nikah yaşının 17-dən 18-ə qaldırılması ilə bağlı dəyişiklik də dediklərimizi bir daha təsdiq edir. Bu qanunun və Məcəlləyə dəyişikliklərin edilməsində ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın xüsusi dəstəyi olub. Mehriban xanım Azərbaycan qadın hərəkatının lideri kimi dövlətimizin tərəqqisi naminə geniş fəaliyyət göstərir. Həm ölkəmizin daxilində, həm də ölkə hüdudlarından kənarlarda bir sıra beynəlxalq təşkilatlar tərəfindən yüksək mükafatlara və orden və medallara layiq görülməsi onun öz xalqına, dövlətinə sədaqəti, yerinə yetirdiyi şərəfli missiyanın göstəricisidir. 2013-cü il bizim üçün çox əlamətdardır. Qarşıdan qadınların 4-cü qurultayı gəlir. Eyni zamanda, bu il dövlətimizin həyatında çox mühüm mərhələdir – ölkədə prezident seçkiləri ilidir. Biz əminik ki, qadınlarımız özlərinin ədalətli və demokratik seçmək hüququndan istifadə edərək stabilliyə, güclü siyasətə, möhkəm iqtisadiyyata – ulu öndərin layiqli varisinə – cənab Prezident İlham Əliyevə səs verəcəklər”, – Hicran Hüseynova bildirib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO