Bakıda kompüter cinayətkarlığı məsələləri müzakirə edilir

Bakıda “Kompüter cinayətkarlığı ilə mübarizədə Almaniya təcrübəsi” mövzusunda elmi-praktik seminar keçirilir.
Trend-in məlumatına görə, “Azərbaycan Hüquq İslahatları Mərkəzi” İctimai Birliyi (AHİM), Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi və Almaniyanın Federal Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlığı Fondu (İRZ) tərəfindən təşkil olunan ikigünlük seminarın keçirilməsində məqsəd respublikamızın bu sahədə fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının əməkdaşları və mütəxəssislərinin peşə bacarıqlarının inkişaf etdirilməsi və onların müvafiq biliklərinin artırılmasıdır.
Tədbirin açılışında Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəisi Fuad Cavadov bildirib ki, bu günümüzdə iqtisadi həyatı İKT-siz təsəvvür etmək olmaz.
Onun sözlərinə görə, İKT-nin inkişafı isə öz növbəsində yeni növ təhlükələrin – kibercinayətkarlığın yaranmasına səbəb olub.
“Kibercinayətkarlıq getdikcə transmilli xarakter alır və onunla mübarizədə səylər gücləndirilməlidir”, – Cavadov bildirib.
AHİM sədri Anar Bağırov isə öz çıxışında bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən 2013-cü il ölkədə “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olunmasını qeyd edib. Onun sözlərinə görə, bu il ərzində kibercinayətkarlıqla mübarizəyə də mühüm yer veriləcək.
Seminarda Almaniyanın Köln Torpaq məhkəməsinin hakimi Jens Şiminovski “Kibercinayətkarlıq – təzahür formaları, kompüter cinayətkarlığı ilə mübarizədə beynəlxalq normalar, məsələnin Almaniya qanunvericiliyində tənzimlənməsi” mövzusunda məruzə ilə çıxış edib.
O bildirib ki, bütün dünyada kibercinayətkarlıqla bağlı eyni problemlər mövcuddur. Şiminovski Almaniyanın kibercinayətkarlıqla mübarizə sahəsində beynəlxalq müqavilələrdən irəli gələrək gördüyü işlər, həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat verib.
Qeyd edək ki, 18-19 fevral tarixlərində keçiriləcək seminarın ikinci günü almaniyalı ekspertlərin “İnternet piratçılığı ilə mübarizənin metodları. Beynəlxalq təcrübənin müqayisəli təhlili”, “Provayderin məsuliyyəti və informasiya azadlığı”, “Əldə olunmuş gəlirin geri alınması: Məsələnin Almaniya və Avropa qanunvericiliyində tənzimlənməsi” mövzularında məruzələri dinləniləcək. Sonra mövzular ətrafında geniş müzakirələr və fikir mübadiləsi aparılacaq.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO