Azərbaycanın süni peykinin orbitə çıxarılması tariximizin əlamətdar hadisəsi sayılmalıdır

Azərbaycanın süni peykinin orbitə çıxarılması tariximizin əlamətdar hadisəsi sayılmalıdır. Bununla ölkəmiz hərtərəfli inkişafının yeni hüdudlarını ortaya qoymuş oldu. Mən bu əlamətdar hadisəni son illərdə Azərbaycanın hərtərəfli və sürətli inkişafının çox mühüm zəruri nəticəsi hesab edirəm. Şahidi olduğumuz iqtisadi dinamika, modernləşmə, yüksəliş meyllərinin nəticə etibarilə Azərbaycanın kosmik ölkələr sırasına qoşulmasına gətirib çıxarması tamamilə gözlənilən idi. Trend-in məlumatına görə, bu fikirləri hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına açıqlamasında YAP-ın sədr müavini – icra katibi Əli Əhmədov bildirib.

Əhmədov qeyd edib ki, Azərbaycanın müasir tarixi möhtəşəm layihələri ilə zənginliyi ilə seçilir.

“Əsrin müqaviləsi, Bakı-Tbilisi-Ceyhan kəmərinin inşası, inanılmaz iqtisadi sıçrayış, qeyri-adi infrastruktur layihələri, Bakının ecazkar simasının yaradılması və sair əzəmətli inkişaf nümunələri bu sırada sadalanmağa layiqdir. Nəhayət, süni peykin orbitə çıxarılması”, – Əhmədov bildirib.

YAP rəsmisi inanır ki, Azərbaycanın müasir, inkişaf etmiş, ən yeni və qabaqcıl texnologiyalara yiyələnən ölkə kimi imicinin daha da möhkəmlənməsində orbitə çıxarılan ilk Azərbaycan peyki müstəsna rol oynayacaq, ölkəmizin texnoloji inkişafına böyük təkan verəcək.

“İlk Azərbaycan süni peykinin orbitə çıxarılmasının təşəbbüskarı və bu möhtəşəm layihənin həyata keçirilməsi üçün bütün lazımi şəraitin yaradılmasının təminatçısı kimi ölkə Prezidenti cənab İlham Əliyevi və bütün Azərbaycan xalqını təbrik edirəm. Uğurlu və xeyirli olsun”, – Əhmədov vurğulayıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO