Aprelin 6-7-də İstanbulda Dünya Əlillər Birliyinin növbəti toplantısı keçirilib. Tədbirdə Türkiyənin xarici islər naziri Əhməd Davudoğlu, ailə və sosial siyasət naziri Fatma Sahin, Dunya Əlillər Birliyinin prezidenti Mətin Şənturk və 70 ölkədən nümayəndə iştirak edib.
Tədbirdə Azərbaycanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Vüqar Həsənov, şöbənin məsləhətçisi Tural Həsənov, ölkənin əlil ictimai birliklərinin nümayəndələri təmsil ediblər.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Dünya Əlillər Birliyinin strukturunun təkmilləşdirilməsinin əsas müzakirə obyekti olduğu toplantıda əsas fəaliyyət istiqamətləri, təşkilata yeni üzvlərin seçilməsi məsələləri ətrafında da fikir mübadilələri aparılıb. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, habelə ölkəmizin tədbirdə təmsil olunan QHT-lərinin də Dünya Əlillər Birliyinə üzv seçilməsi məsələsinə baxılıb.
Tədbirdə əlillərin sosial müdafiəsi, onların tibbi-sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində ölkələrarası təcrübə mübadilələri aparılıb.