Azərbaycanın Los Ancelesdəki baş konsulu Arizona ştatında görüşlər keçirib

Azərbaycan ilə ABŞ-ın Arizona ştatı arasında əlaqələrin gücləndirilməsi məqsədilə Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev sözügedən ştatın paytaxtı Finiks şəhərinə səfər edib.

Baş Konsulluqdan APA-ya verilən məlumata görə, Nəsimi Ağayev orada ştatın qanunverici və icraedici orqanlarının rəhbərləri, həmçinin yerli yəhudi və türk icmalarının üzvləri ilə görüşlər keçirib.

Arizona ştatı Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun səlahiyyət dairəsinə daxil olan ABŞ-ın 13 qərb ştatından biridir.

Arizona Ştatı Senatının sədri Endi Biqqs, Nümayəndələr Palatasının sədri Endi Tobin, eləcə də hər iki palatanın digər rəhbər şəxsləri ilə keçirilmiş görüşlərdə müstəqilliyinin 22 ili ərzində Azərbaycanın keçdiyi uğurlu inkişaf yolu, zəngin təbii resurslardan ölkənin güclənməsi üçün səmərəli istifadə, Azərbaycanın regionda möhkəmlənməkdə olan rolu, Azərbaycan-Arizona əlaqələrinin müxtəlif sahələrdə inkişafı perspektivləri və digər məsələlər müzakirə mövzuları olub. N. Ağayev, həmçinin Arizona Senatının plenar iclasında Senat üzvlərinə təqdim edilib.

Görüşdən sonra Arizona Nümayəndələr Palatasının sədri A.Tobin mətbuat açıqlaması ilə çıxış edərək, Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini bildirib və Arizonanın Azərbaycan ilə münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edib.

Arizona qubernatorunun müşavirləri, Arizona Ticarət Agentliyinin və Arizona Turizm Ofisinin rəhbərliyi ilə keçirilmiş görüşlərdə isə, əsasən, Azərbaycanın artmaqda olan iqtisadi və sərmayə imkanları, Arizona ilə Azərbaycan arasında iqtisadi-ticari münasibətlərin və turizm sahəsində əməkdaşlığın inkişafı yolları müzakirə olunub.

Baş konsul səfər müddətində, həmçinin, yenicə yaradılmış Arizona-Azərbaycan Assosiasiyasının üzvləri və Arizonanın yəhudi icmasının liderləri ilə görüşüb, eləcə də Arizona Dövlət Universitetində Finiks Türk-Amerika Assossiasiyasının üzvləri qarşısında çıxış edib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO