Azərbaycanda çörək paketlərdə buraxılacaq

Yaxın vaxtlarda Azərbaycanda çörək istehsalı üzrə yeni standart qəbul ediləcək. «APA-ECONOMICS»in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin rəisi Əbülfət İmanov bildirib. Həmin standarta əsasən, çörək kağız paketlərdə buraxılacaq. Bundan başqa, çörəyin selofan paketlərdə qablaşdırılmasına da icazə veriləcək. Ə.İmanov bildirib ki, Komitənin apardığı yoxlamalar zamanı çörək sexlərində ciddi nöqsanlar aşkarlanıb: «108 çörək sexində aparılan yoxlamanın 80%-də pozuntu aşkar edilib. Bu sexlərin 40-da istehsal dayandırılıb».
Xidmət rəisi şadlıq saraylarında da ciddi nöqsanların olduğunu bildirib: «250 nəfərlik şadlıq saraylarında 500 nəfər yerləşdirilir».
Qida məhsulları şöbəsinin müdiri Məsim Babayev isə qeyd edib ki, şadlıq saraylarında tullantıların saxlanılması üçün soyuducular olmalıdır. Ancaq əksər şadlıq sarayında tullantılar elə mətbəxdə saxlanılır: «Ona görə də müxtəlif şadlıq saraylarında qida məhsullarında göbələklər, bakteriyalar aşkarlanıb. Hətta şadlıq saraylarında xidmətçilər çəngəl-bıçağı arxa ciblərində saxlayırlar».
Ə.İmanov toy edən şəxsləri şadlıq sarayları ilə müqavilə bağlamağa çağırıb: «Şadlıq saraylarının çoxunda menyu, reseptura, təsdiqlənmiş normativlər yoxdur. Aşbazlar yeməkləri istədikləri kimi hazırlayırlar».
Mətbuat konfransında qeyd olunub ki, artıq şadlıq sarayları ilə bağlı xüsusi standart hazırlanıb və yaxın zamanlarda qəbul ediləcək.

Apa.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO