Azərbaycanda keçiriləcək «Eurovision-2012» mahnı müsabiqəsinin biletlərinin kassa satışına start verilib

«Eurovision-2012» mahnı müsabiqəsinin iki yarımfinal və əsas məşqləri, eyni zamanda jüri finalının biletlərinin kassa satışına start verilib.
APA-nın məlumatına görə, biletlər bu gün saat 10:00-dan etibarən artıq Hökumət Evi yaxınlığındakı satış köşkündə satışa çıxarılıb. Digər beş ünvan – Heydər Əliyev Sarayının kassası (saat 11:00-19:00), Nizami, 68 ünvanında yerləşən satış köşkü (saat 11:00-19:00), «Azərbaycan» kinoteatrı yaxınlığındakı satış köşkü (saat 10:30-18:30), Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının kassası (11:00-19:00) və M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kassasında isə (saat 11:00-19:00) bir neçə dəqiqədən sonra biletlərin satışı başlayacaq.

Vauçer satışı aşağıdakı qayda üzrə aparılır: Biletlər adlı olacaq və hər bir bilet müvafiq şəxsin adına sənədləşdiriləcək, Azərbaycan vətəndaşları üçün bilet satışı yalnız şəxsiyyət vəsiqəsi əsasında aparılacaq. 16 yaşına çatmayanların şəxsiyyətini təsdiqləyən sənəd doğum haqqında şəhadətnamə hesab olunur, Azərbaycanda yaşayan əcnəbilər üçün bilet satışı xarici pasport əsasında aparılacaq. Hər bir şəxs maksimum 10 bilet ala bilər, bu zaman digər şəxslərin də sənədləri təqdim olunmalıdır. Biletlərin satışı zamanı ödəmə nağd və kart sistemi ilə, Azərbaycan Respublikasının milli valyutası manatla olacaq, alınmış vauçer və ya bilet dəyişdirilə, qaytarıla və ya üçüncü bir şəxsə verilə bilməz.

Xatırladaq ki, xüsusi qoruma nişanı olan bu vauçerlər hər bir şəxsin «Eurovision-2012» mahnı müsabiqəsinin müvafiq şousuna bilet aldığını təsdiqləyir. Kassalarda və ya online sistemlə alınmış vauçerlər may ayının ikinci yarısından etibarən şəxsiyyəti təsdiqləyən sənəd əsasında biletlərə dəyişdiriləcək.

«Eurovision-2012» şousunun iki yarımfinal şousunun biletləri 90-150 AZN, əsas məşqlərin biletləri 30-50 AZN, jüri finalının biletləri isə 60-100 AZN arasındadır.

«Eurovision -2012»nin mayın 26-da keçiriləcək final şousuna milli kvota üzrə ayrılmış biletlərin hamısı satılıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO