Azərbaycanda ilk dəfə süni yolla kürü yetişdirilib

Azərbaycanda Xıllı Nərə Balıqartırma zavodunda ilk dəfə olaraq süni yolla kürü yetişdirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, 2003-cü ildən istifadəyə verilmiş Xıllı Nərə Balıqartırma zavodunda yetişdirilən törədici döllük səviyyəsinə çatdırılmış 7-8 yaşlı 2 dişi nərə balığından süni yolla 5 kq – 260 min ədədə yaxın kürü alınıb. Süni yolla alınmış kürülər eyni üsulla yetişdirilmiş 2 erkək nərə balığının mayası ilə mayalandırılaraq inkubasiya aparatlarına yerləşdirilib və bundan 200 mindən çox sürfə alınacağı gözlənilir.
Əməliyyat cərrahiyyə üsulu ilə aparıldığından balıqlar sağ qalıb və gələcəkdə onlardan yenidən kürü almaq məqsədilə nohurlara buraxılıb. Hazırda zavodda 4 minə yaxın 1-9 yaş arası süni yolla alınmış törədici döllük nərə balıqları (nərə, uzunburun və kələmo) bəslənilir.
Nazirlikdən bildirilib ki, təbiətdə nərə balıqlarının sayının xeyli aşağı düşməsi ilə əlaqədar süni balıqartırma zavodlarında döllük balıqların tədarük edilməsində çətinliklər mövcuddur. Ona görə də süni yolla nərə kürüsünün alınmasına başlanılması mühüm əhəmiyyət kəsb edir və alınmış nəticələr ölkədə əmtəə balıqçılığının (akvakulturanın) inkişafına xüsusi təkan verəcək.
Bu balıqların əmtəə çəkisinə qədər böyüdülməsi və onlardan əmtəəlik qara kürü alınmasının biotexniki normativləri ETSN mütəxəssisləri tərəfindən işlənib hazırlanıb və artıq öz praktiki nəticələrini verməkdədir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO