Azərbaycanda bu ilin yanvar-mart aylarında doğulanların sayı azalıb. Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistikaya əsasən, hesabat dövründə 41,3 min körpə doğulub. Ümumilikdə 2013-cü il aprelin 1-nə ölkə əhalisinin sayı 9 383,7 min nəfərə çataraq ilin əvvəlindən 27,2 min nəfər və ya 0,3 faiz artıb. Lakin ötən ilin ilk üç ayı ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə doğum səviyyəsi 19,0-dan 18,1-dək azalıb.
Azərbaycanda hazırda əhalinin sıxlığı 1 kv km-də 108 nəfər təşkil edir.
Hazırda ölkədə əhalinin 49,7 faizini kişilər, 50,3 faizini qadınlar təşkil edir. Beləliklə, Azərbaycanda hər 1000 kişiyə 1013 qadın düşür.
Lakin gender məsələlərində tendensiya artıq əks istiqamətə yönəlir. Belə ki, bu ilin ilk 3 ayında doğulanların 53,6 faizini oğlanlar, 46,4 faizini qızlar təşkil edib.
Komitədən bildirilir ki, ölkədə əhalinin təkrar istehsalı təmin olunaraq, uşaq doğmaq qabiliyyətinə malik olan qadınların bütün ömür boyu hər birinə orta hesabla 2,3 doğulmuş uşaq düşür.
Yaş bölgüsünə gəldikdə əhalinin 22,3 faizi 0-14 yaş, 71,9 faizi 15-64 yaş, 5,8 faizi isə 65 və yuxarı yaşda olanlardır.