Azərbaycanda boşanmaların sayı artıb və hər 6-7 nikaha bir boşanma faktı düşür.
Bu barədə Trend-ə Azərbaycan Dövlət Statistika Komitəsindən bildiriblər.
Məlumata görə, Azərbaycanda bu ilin ilk 3 ayı ərzində 2,8 min boşanma qeydə alınıb ki, bu da evlənənlərin 17,4 faizinə bərabərdir.
Belə ki, ilin əvvəlindən rəsmi orqanlar tərəfindən 16,1 min nikah qeydə alınıb.
Əhalinin hər 1000 nəfəri hesabı ilə 2012-ci ilə nisbətən nikahların sayı 6,4-dən 7,1-ə qədər, boşanmaların sayı isə 1,1-dən 1,2-yə qədər artıb.
Azərbaycanda nikaha daxilolmanın da orta yaş həddi açıqlanıb. 2013-cü ilin yanvar-mart aylarında birinci nikaha daxil olanların orta yaş həddi kişilər arasında 27,1 yaş, qadınlar arasında isə 23,7 yaş təşkil edir.
Ölkədə ölüm səviyyəsi isə stabil olaraq qalır. Bu ilin 3 ayı ərzində ölkədə 14,6 min ölüm halı qeydə alınıb ki, bu da əhalinin hər 1000 nəfəri hesabı ilə 6,4 nəfər olmaqla ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməz qalıb.