Fevralın 8-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliçin təkbətək görüşü olub.
Trend-in məlumatına görə, görüşdə Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, mədəni və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi.
Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliçin Azərbaycan Respublikasına rəsmi səfərinin ölkələrimiz arasında münasibətlərin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulandı. Azərbaycan ilə Serbiya arasında əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik bildirildi.
Görüşdə ikitərəfli, regional, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıldı.