Azərbaycandan qurudulmuş soğan tozu “Knorr” məhsullarının istehsalında istifadə edilə bilər. Brend qida məhsulları və məişət kimya malları bazarında dünya liderlərindən biri Britaniya-Niderland şirkəti olan “Unilever”ə məxsusdur.
Çərşənbə günü “Kənd təsərrüfatının inkişafı və Azərbaycanda investisiya imkanları” mövzusunda keçirilən tədbirdə “Oxfam” beynəlxalq humanitar təşkilatı son iki ildə nümunəvi torpaq sahələrindən əldə edilən nəticələri təqdim edib. Bu sahələrdə yerli mütəxəssislər “Unilever”in aqronomları ilə birlikdə ağ soğanın müxtəlif növlərini əkiblər. “Sunrise” layihəsi çərçivəsində “Oxfam” və “Unilever” Bərdə, Tərtər və Ağdam rayonlarında kiçik fermerlərlə birgə iş aparıblar. Bu sahələrin işlənməsində əsas məqsədlərdən biri Avropada “Knorr” məhsullarının istehsalında Azərbaycanın kiçik istehsalçıları ilə işləyən təchizatçılardan qurudulmuş soğan tozunun alınması üçün mövcud imkanların araşdırılmasıdır.
“Layihə çərçivəsində istifadə edilmiş modelə uyğun olaraq, pilot kimi seçilmiş kiçik fermerlər emal şirkətini fərdi qaydada məhsulla təchiz edib, şirkət də öz növbəsində emal edilmiş məhsulu “Unilever” şirkətinə təhvil verib. İlkin plana əsasən, 5 illik mənimsəmə müddətindən sonra qurudulmuş məhsulun həcmi 1400 tona (illik təqribən 3,5 milyon dollar) çata bilər. Bununla belə, “Unilever” üçün Azərbaycandan qurudulmuş soğan kütləsi almaq hələ də əlverişli deyil. Lakin kiçik fermerlərlə aparılan sınaq tədbirləri göstərir ki, kiçik fermerlərlə məhsuldarlığın və məhsulun keyfiyyətinin artırılmasında təlim, texnologiya və avadanlıqlara vəsait sərf etməklə dəstək göstərərək əhəmiyyətli dərəcədə xərcləri azaltmaq və keyfiyyəti yaxşılaşdırmaq mümkündür”, – tədbirdə qeyd edilib.
Qurudulmuş soğan tozunun istehsalı artıq Azərbaycan sahibkarlarının marağına səbəb olub. Belə ki, Ağcabədi rayonundan olan sahibkarlar bu sahədə istehsala başlamaq məqsədilə güzəştli kredit almaq üçün İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fonduna müraciət ediblər.