Azərbaycan parlament nümayəndə heyəti Belqrada gedəcək

Bu barədə MM-in mətbuat xidmətindən məlumat verilib. Qurumun 20-ci yay sessiyasında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin tərkibinə MM-in Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, Regional məsələlər komitəsinin sədr müavini Fəttah Heydərov, deputatlar Ağalar Vəliyev və Azay Quliyev daxildirlər. Beş gün davam edəcək sessiya “ATƏT-in səmərəliliyinin və fəaliyyətinin möhkəmləndirilməsi: Astana Sammitindən sonra yeni start” mövzusuna həsr olunub.

Öncə qurumun Daimi komitəsinin toplantısı keçiriləcək, 2011-2012-ci maliyyə ili üçün büdcənin qəbul edilməsini və bir sıra təşkilati məsələləri əhatə edən gündəlik qəbul olunacaq. Sonra gender məsələlərinin müzakirə ediləcəyi plenar iclas öz işinə başlayacaq. Birinci plenar iclası giriş sözü ilə ATƏT PA-nın sədri Petros Eftimiu açacaq.

Qurumun Təhlükəsizlik və siyasi məsələlər, İqtisadi məsələlər, elm, texnika və ətraf mühit, həmçinin Demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə ümumi komitələrinin iclaslarında ATƏT-in səmərəliliyinin və fəaliyyətinin möhkəmləndirilməsi barədə geniş fikir mübadiləsi aparılacaq. Müzakirələrin yekununda müvafiq qətnamələr qəbul olunacaq.

Qətnamə layihələrində bəşəriyyətin ekstremizm, radikallıq, terrorizm, irqçilik, ksenofobiya kimi neqativ cərəyanlardan qorunması kimi ciddi problemlər öz əksini tapıb. Müasir dünyada kibertəhlükəsizliyin möhkəmləndirilməsində ATƏT-in mövqeyi, qurum daxilində miqrasiya siyasətinin koordinasiyası məsələləri əhatə olunub. Ciddi ictimai həyəcan doğuran cinayətlərə, o cümlədən transmilli cinayətlərə, beynəlxalq miqyaslı uşaq oğurluğu hallarına, insan orqanlarının qeyri-qanuni ticarətinə, təchizat sistemində işçi qüvvəsindən alver məqsədilə qeyri-qanuni istifadəyə qarşı mübarizə məsələlərinə qətnamələrdə xüsusi yer verilib. Qadın və kişi bərabərliyinin təmin edilməsi siyasətinin genişləndirilməsi, eləcə də ATƏT PA-da qadınların təmsil olunması məsələsi də diqqət mərkəzindədir.

Nümayəndə heyəti qurumun plenar iclaslarında, eləcə də ümumi komitələrin toplantılarında fəal iştirak edəcək, müzakirəyə çıxarılan məsələlərə Azərbaycanın maraqları baxımından münasibət bildirəcək, rəy və təkliflərini ATƏT PA-nın 20-ci yay sessiyası iştirakçılarının nəzərinə çatdıracaqlar.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO