Azərbaycan hərbçiləri mart ayında “Sülh Naminə Tərəfdaşlıq” Proqramı çərçivəsində, Fərdi Tərəfdaşlıq Proqramı əsasında keçiriləcək, eləcə də bir sıra digər tədbirlərdə iştirak edəcəklər.
Müdafiə Nazirlyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakıda 03-08 mart tarixlərində Əməliyyat İmkanları Konsepsiyası taborunun 2-ci səviyyəli özünüqiymətləndirmə üzrə təliminə hazırlıqla əlaqədar məsləhət görüşü keçiriləcək.
Azərbaycan hərbiçiləri 05-07 mart tarixlərində Rusiya Federasiyasının Həştərxan şəhərində Xəzəryani ölkələrin hidroqrafiya xidmətləri rəhbərlərinin müşavirəsində, 11-15 mart tarixlərində isə Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlıq planına əsasən İrlandiyanın paytaxtı Dublin şəhərində “Combined Endeavor-2013” təliminin əsas planlaşdırma konfransında iştirak edəcəklər.
Bundan əlavə, Azərbaycan hərbçilərinin Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq proqramına əsasən 03- 05 mart tarixlərində Türkiyənin İstanbul şəhərində keçiriləcək Beynəlxalq dalğıc kursunda, 04-08 mart tarixlərində İsveçin Kunqsaengen şəhərində “NATO Qərargah zabitəri üçün öyrənilmiş təcrübələr” kursunda, 04-08 mart tarixlərində Latviyanın paytaxtı Riqa şəhərində keçiriləcək NATO-nun konsepsiyaların hazırlanması və tətbiq edilməsi kursunda, 04-08 mart tarixlərində Pakistanın Karaçi şəhərində keçiriləcək “AMAN-2013” Çoxmillətli dəniz təlimində, Azərbaycan-Litva ikitərəfli əməkdaşlıq proqramına əsasən 04-08 mart tarixlərində Litvanın paytaxtı Kaunas şəhərində keçiriləcək Kimyəvi, bioloji, radioloji və nüvə terapiyası üzrə təməl kursunda, Azərbaycan -Almaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən 11-14 mart tarixlərində keçiriləcək Almaniyanın Oberlauzits şəhərində “FELDBERG 13” səhra təlimində, 11-16 mart tarixlərində İngiltərədə London şəhərində keçiriləcək Silahlara nəzarət təlimində, 11-22 tarixlərində Türkiyənin İzmir şəhərində Hava əməliyyatları terminologiyası üzrə təməl kursunda, 11-22 mart tarixlərində Niderlandın Enschede şəhərində keçiriləcək Hərbi-mülki əməkdaşlıq üzrə qərargah zabiti kursunda, Azərbaycan-Pakistan ikitərəfli əməkdaşlıq proqramına əsasən 11-13 mart tarixlərində Pakistanın Mürri şəhərində MTT Qərargah kursunda iştirak edəcəklər.
Martın 11-14-ü tarixlərində isə Azərbaycan -Ukrayna ikitərəfli əməkdaşlıq planına əsasən
Ukrayna Milli Müdafiə Universitetinin nümayəndə heyəti Bakıda səfərdə olacaqlar.