Azərbaycan hotellərində yerləşdirilmiş şəxslərin sayı 22 faiz artıb

Ötən il Azərbaycanda mehmanxana və mehmanxana tipli müəssisələrdə yerləşdirilmiş şəxslərin sayı 2011-ci illə müqayisədə 22,5 faiz artıb.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ötən il “Eurovision” mahnı müsabiqəsinin, 17 yaşadək qızlar arasında futbol üzrə dünya çempionatının final oyunlarının və digər beynəlxalq səviyyəli tədbirlərin Azərbaycanda keçirilməsi ölkəyə gələn xarici turistlərin sayına müsbət təsir göstərib. Nəticədə mehmanxana və mehmanxana tipli müəssisələrdə yerləşdirilmiş şəxslərin sayı 2011-ci illə müqayisədə 22,5 faiz artaraq 624,9 min nəfər olub. Onların da 59,5 faizi xarici ölkə vətəndaşlarıdır. Yerləşdirilmiş xarici ölkə vətəndaşlarının sayında əvvəlki ilə nisbətən 44,2 faiz artım qeydə alınıb. Yollayışla gələn turistlərin sayı 48,6 min nəfər olmaqla yerləşdirilmiş şəxslərin ümumi sayının 7,8 faizini təşkil edib. Bu dövrdə keçirilən gecələmələrin sayı keçən illə müqayisədə 9,1 faiz artaraq 1640,9 min təşkil edib. Gecələmələrin 48,9 faizi xarici ölkə vətəndaşlarının payına düşür. Ümumi gecələmələrin 57,3 faizi Bakı şəhərində, qalanı isə digər rayonlarda (şəhərlərdə) qeydə alınıb.
2012-ci il ərzində ölkədə 514 mehmanxana və mehmanxana tipli müəssisə xidmət göstərmiş, onların 5,3 faizi dövlət, 94,7 faizi isə qeyri-dövlət müəssisələridir.
2012-ci ildə ölkə üzrə mehmanxana və mehmanxana tipli müəssisələrin yüklənmə səviyyəsi 13,7 faiz təşkil edib. Bu göstərici Bakı şəhərində, Naxçıvan MR-də, Xaçmaz, Lerik, Qəbələ, Masallı, Qusar, Şamaxı və Şəki rayonlarında ölkənin digər rayon və şəhərlərinə nisbətən daha yüksək olub.
Mehmanxana və mehmanxana tipli müəssisələrdə müvəqqəti yerləşmə xidmətindən istifadə edən şəxslərin əsas hissəsi (83,4 faizi) turizm məqsədilə səfər edənlər olub.
Turistlərin 43,3 faizi istirahət və əyləncə, 47,5 faizi işgüzar və qalanları digər turizm məqsədilə səfər etmişdir. İstirahət və əyləncə məqsədilə Bakı şəhəri, Naxçıvan MR, Xaçmaz, Quba, Şəki, Şamaxı, Balakən, Qəbələ, Mingəçevir, Lerik, Masallı və Abşeron rayonlarına (şəhərlərinə) səfər edən turistlərin sayı digər şəhər və rayonlara səyahət edənlərin sayından daha çox olub. Turizm məqsədilə səfər edən Azərbaycan vətəndaşlarının 33,4 faizini Bakı şəhərinin sakinləri təşkil edib.
Mehmanxana və mehmanxana tipli müəssisələrin gəlirləri 2011-ci illə müqayisədə 34,3 faiz artaraq 154,0 milyon manata çatıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO