“Azərbaycan bütün sahələrdə daha çox tanınmağa layiq ölkədir”

Belçika Federal Parlamentinin üzvü, Belçika-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Filip Blanşarın müsahibəsi.

– Bu gün Azərbaycanla Belçika parlamentləri arasında münasibətlər necə inkişaf edir, əməkdaşlıq əsasən hansı sahələri əhatə edir?

– Hesab edirəm ki, ölkələrimizin parlamentlərinin əsas məqsədlərindən biri Azərbaycan və Belçikanın həyata keçirdikləri iqtisadi layihələrinin inkişafına öz töhfəsini verməsidir. Bu iki ölkə coğrafi cəhətdən bir-birindən uzaq olsa da, onları birləşdirən ümumi məqamlar çoxdur. Hər ikisi dünyanın nüfuzlu regionlarının mərkəzindədirlər. Azərbaycan Rusiya, İran, Türkiyə kimi böyük ölkələrin əhatəsində yerləşməklə Cənubi Qafqaz regionunda çox mühüm geosiyasi yer tutur. Deyərdim ki, son 5 ildə Azərbaycanın iqtisadiyyatı dinamik şəkildə inkişaf edir, irəliləyir. Azərbaycan eyni zamanda Avropanın qapısında yerləşən bir ölkədir. Belçika isə Avropadakı BeNeLux regional təşkilatının yaradıcılarındadır, Fransa, Almaniya, İngiltərə və Avropanın digər böyük ölkələrinin ətrafında yerləşir. Bu baxımdan hər iki ölkə aralarında münasibətlərin daha da gücləndirməsinin marağındadır. Bu da əlbəttə ki, iki ölkə parlamentləri arasında əlaqələrin vasitəçiliyi ilə də edilə bilər. Məsələn, yaxın vaxtlarda mənim Azərbaycan parlament nümayəndə heyətini Belçikaya dəvət etmək niyyətim var. Brüsseldəki bu görüşümüzdə məqsəd hər iki ölkə arasında münasibətlərin irəliyə apara bilməmiz istiqamətində fəaliyyətimizi və siyasi iradəmizi ortaya qoymaqdır. Biz bu münasibətlərdən irəli gələn bütün məsələləri müzakirə edə biləcəyik. Əlbəttə, bizim nümayəndə heyətimiz üçün də şərəf olardı ki, Azərbaycana dəvətli olaq və bu ölkəyə səfər edə bilək. Mən özüm müşahidə missiyasının tərkibində son parlament seçkiləri zamanı Azərbaycanda olmuşam. Bu ölkə çox maraqlıdır, amma təəssüf ki, Avropanın bu hissəsində o qədər də tanınmır. Azərbaycan bütün sahələrdə daha çox tanınmağa layiq ölkədir.

– Belçikada və eləcə də təmsil olduğunuz Federal Parlamentinizdə Azərbaycanla, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi kimi məsələlərlə
bağlı hər hansı bir müzakirələr olurmu?

– Bilirsiniz, hazırda Belçika parlamenti daha çox ölkə Konstitusiyası və hakimiyyətin formalaşması məsələləri ilə məşğuldur. Bildiyiniz kimi, bu məsələdə indi olduqca çətin və ciddi problemlərlə üzləşmişik. Lakin mən buna nikbin yanaşıram və hesab edirəm ki, yaxın zamanlarda bu problemin həllini tapacağıq. Bundan başqa, son dövrdə ölkəmizin xarici siyasəti, əsasən, Yaxın Şərq və Şimali Afrika ölkələrində baş verən hadisələrə yönəlib. Lakin bununla belə əməkdaşlıq etdiyimiz digər ölkələri də diqqətdən salmırıq. Bu gün regionda “dondurulmuş münaqişə” adlandırdığımız Dağlıq Qarabağ problemi hələ də həll olunmamış qalır. Avropa, öz növbəsində, bu məsələ ilə bağlı bir neçə dəfə mövqeyini bildirərək, vəziyyətin bu formada davam etməsini qəbuledilməz adlandırıb. Fikrimcə, hazırda Azərbaycanla Ermənistan arasında həqiqi dialoq olmalıdır. Çox təəssüflə qeyd etməliyəm ki, bu dialoq lazımi səviyyədə deyil. Bizi maraqlandıran əsas məsələ regionda insanların əzab-əziyyət çəkməsidir, bunu unutmaq olmaz və bu məsələ daim diqqətimizdə olmalıdır. Öz yurd-yuvalarından qovulmuş, qaçqın düşmüş bütün insanlar öz yerlərinə qayıtmalıdırlar.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO