Azay Quliyev: “Dövlət üzərinə düşəni edəcək “

Azay Quliyev: "Dövlət üzərinə düşəni edəcək"“Bu böhranın mənfi təsirlərini və risklərinin minumuma endirmək üçün ölkə prezidenti cənab İlham Əliyev son günlər çox önəmli addımlar atıb. Bunun üçün hətta, indiyədək görünməmiş radikal dövlət strukturu dəyişikliyinə gedilir. Böhranın təsirilərini azaltmaq üçün ciddi hüquqi baza yaradılır”. Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında çıxışı zamanı deyib.

A.Quliyev bildirib ki, qiymətlərin tənzimlənməsi və süni bahalaşmanın qarşısının alınması üçün qəti tədbirlər görülür: “İslahatlara mane olan rüşvət, korrupsiya, monopoliya, sabotaj hallarının təcili surətdə aradan götürülməsi üşün hüquq-mühafizə orqanlarının səlahiyyətlərini artırılır. Maliyyə-iqtisadi və ərzaq kimi ən vacib sahələrdə təxirəsalınmaz əməli addımlar atır. Struktur islahatları çərçivəsində ötən il ərzində bir neçə dövlət qurumu ləğv edildi. Ölkədə azad sahibkarlığın inkişafına mane olan yoxlamalar dayandırıldı. Lisenziyaların verilməsi qaydaları sadələşdirildi, lisenziya verilən fəaliyyət növlərinin sayı azaldıldı. Gömrükdə şəffaflığın artırılması, inhisarçılığın aradan qaldırılmasını təmin edən qərarlar qəbul olundu. Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə daha da sərt şəkil aldı və bəzi səlahiyyət sahibləri öz qanunsuz əməllərinə görə məsuliyyətə cəlb olundu. Süni qiymət artıranlara qarşı sərt mübarizə mexanizmlərindən istifadə olunaraq daxili bazar nəzarətdə saxlanıldı. Çörəyin, unun, ərzaq məhsullarının qiyməti aşağı salındı”.

Azərbaycanda əmək haqları və müavinətlərin artırılmasını alqışlayan A.Quliyev il ərzində maaş və müavinətlərin yenidən artırılmasını istisna etmədi.

Deputatın fikrincə, dollarla kredit almış vətəndaşların da problemi həll edilsə, insanların əsas gözləntilərini qarşılamış olarıq.

A.Quliyev bildirib ki, iş yerlərinin ixtisarı zamanı təşkilatlar çox ehtiyatlı olmalıdır: “Bəzən bir ailədə işləyənlərin hamısı ixtisara düşür. Buna yol vermək olmaz və ya ixtisar zamanı işə götürən işçiyə kompensasiya vermir”.

Yanvarın 18-də Prezident İlham Əliyevin sədrliyi ilə iqtisadi və sosial durumla bağlı müşavirədə dövlət başçısı yaxın dövr üçün islahatlar planının açıqladığını deyən A.Quliyev bildirib ki, bu plana ilk növbədə insanların sosial müdafiəsi ilə bağlı məsələlərin diqqət mərkəzində saxlanılması və rifah halının daha da yaxşılaşdırılması, süni bahalaşmaya qarşı ciddi mübarizə aparılması, bir-birini təkrarlayan və lazımsız dövlət qurumlarının birləşdirilməsi və ya ləğv olunması, valyuta bazarının tənzimlənməsi ilə bağlı qanunvericilik bazasının möhkəmləndirilməsi, beynəlxalq ekspertlərin iştirakı ilə geniş özəlləşdirmə proqramının hazırlanması, bu işə xarici və yerli investorların cəlb olunması, iqtisadi canlanmaya nail olmaq üçün biznes mühitinin yaxşılaşdırılması ilə bağlı tədbirlər, bankların sağlamlaşdırılması prosesinin aparılması, əmanətlərin sığortalanması ilə bağlı əlavə tədbirlərin görülməsi, xarici maliyyə bazarlarından lazımi qədər maliyyə resurslarının Azərbaycan bazarına cəlb edilməsi, sahibkarlığa Kömək Milli Fondunun dəstəyi ilə bu il 250 milyon manat güzəştli kreditlərin verilməsi, sahibkarların öz maliyyə resurslarını da nəzərə alaraq, regionlara qoyulan investisiyanın həcmini təxminən 1 milyard manata çatdırmaq, tikinti sahəsində iş adamlarına şəraitin yaradılması, bu sahədə mövcud olan əsassız tələblərin, bürokratiya və korrupsiya hallarının aradan qaldırılması, ipoteka bazarının səmərəliliyinin artırılması, bu yolla inşa olunacaq binaların tikintisinin sürətləndirilməsi daxildir.

A.Quliyev çıxışında daha sonra deyib: “İnsanlarımızın narahatlığı tamamilə başadüşüləndir. Hər birimiz bu ölkənin vətəndaşıyıq və baş verənlər təbii ki, hamımızın həyatına bu və ya digər dərəcədə təsir göstərir. Lakin heç bir halda imkan vermək olmaz ki, insanların düşdüyü vəziyyətdən sui-istifadə olunsun. Azərbaycan yeni bir mərhələyə qədəm qoyub. Bu mərhələdə hər birimizin üzərinə böyük bir məsuliyyət düşür. Unutmamalıyıq ki, Azərbaycanda vəziyyətin qarışmasında, sabitliyin pozulmasında, xalqla dövlət arasındakı körpülərin dağılmasında maraqlı olan xarici qüvvələr var. Buna biz heç vaxt imkan verə bilmərik.

Odur ki, hər birimizin üzərinə tarixi bir missiya düşür – bu çətin mərhələni də birgə adlamaq. Dövlət üzərinə düşəni edəcək – şübhəmiz olmamalıdır!”

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO