“Azəryolservis ” yollarda işlərin niyə gecə və ya gündüz aparılmasına aydınlıq gətirdi

Yollarda aparılan işlər qrafika uyğun, planlaşdırılmış şəkildə gedir. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, yolun hərəkət hissəsinin üfüqi nişanlanması (hərəkət istiqamətini göstərən oxlar, piyadalar üçün zolaqlı keçidlər, üçbucaq formalı nişanlanma, ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanma yerinin, avtobus dayanacaqlarının nişanlanması, yol cizgilərinin, və yol göstərici xətlərin yenidən rənglənməsi və s.) işləri aparılarkən hava şəraiti, yollarda hərəkətin intensivliyi nəzərə alınır: “Məsələn, götürək Aeroport yolunu. Bizə irad tuturlar ki, həmin yolda işlər niyə gecə yox, gündüz vaxtı aparıldı? Biz orada yolun 2 zolağı üzrə hərəkəti məhdudlaşdırdıq, digər zolaqlarda iş apardıq. Həmin ərazidə sürət həddi, hərəkət şiddəti yüksək olduğu üçün orada işlərin gecə saatlarında aparılması təhlükəsizlik baxımından məqsədəuyğun hesab edilmir. Əgər biz gecə saatlarında iş aparsaydıq, bu, qəzaların yaranmasına səbəb olacaqdı. İşlərin gecə və ya gündüz aparılması sürücülərlə yanaşı, yol işçilərinin də birbaşa təhlükəsizliyi ilə bağlıdır. Bundan əlavə, hava limanı Bakının giriş qapısıdır. Biz onu bütövlükdə necə bağlaya bilərdik? Bu, mümkün deyil. Bundan fərqli olaraq, Heydər Əliyev prospektində əsas yolu bağlayıb işləri bitirdik. Lakin orada kənar yollar açıq idi. İndi kənar yollar bağlanacaq, amma nəqliyyat vasitələri əsas yolla hərəkət edə biləcəklər”.

P.Mürsəliyev hava şəraiti ilə bağlı məsələyə də aydınlıq gətirib: “Hava şəraitinin nəzərə alınması dedikdə nə anlaşılır? Məsələn, günün bəzi vaxtları hava soyuq olur və rəngləmə işləri gecə aparılanda rəng yaxşı qurumur. Əgər gecə hava şəraiti pisdirsə, yolu rəngləməyin nə mənası olacaq? Axı rəng qurumayacaq. Amma elə etmək lazımdır ki, yol artıq səhər açılsın. Əgər rəng qurumasa, yolu necə açmaq olar?”

“Azəryolservis”in sözçüsü bəzi şəxslərin bununla əlaqədar onlara tutduğu iradlara da cavab verib: “Yuxarıda qeyd edilənlər göstərir ki, hər şey qrafikə uyğun, planlaşdırılmış şəkildə gedir. Ona görə də yol təsərrüfatından anlayışı olmayan insanların məsələyə müdaxiləsi yersizdir. Hərə öz işi ilə məşğul olsa, mənə belə gəlir ki, daha yaxşı olar”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO