Azərbaycanlı deputat AŞ PA-ya etiraz etdi

Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin üzvü Elxan Süleymanov Assambleyanın iyun sessiyasında baş verən ikili standartlarla bağlı AŞ PA prezidenti Ann Brössora və Assambleyanın Büro üzvlərinə, Avropa Şurasının baş katibi Torbyorn Yaqlanda və AŞ PA-nın baş katibi Voytsex Savitskiyə müraciət edib.

Trend-ə daxil olan müraciətdə E.Süleymanov 14 üzv dövləti təmsil edən 58 üzvün imzaladığı Azərbaycan ərazilərini işğal altında saxladığına görə Ermənistana sanksiyaların tətbiq edilməsini tələb edən qətnamə layihəsinə Sədarət Komitəsində Katibliyin son dəqiqə prosedur etirazı qaldırmasına etiraz edib.

E.Süleymanov müraciətdə qeyd edib ki, qətnamə layihəsi daha əvvəl rəsmi çap edilmişdi və beləliklə, qaydalara tam müvafiq idi.

V.Savitskinin sanksiyalar tələb etməyən qətnamə layihəsini müvafiq şəkildə yenidən yazmağı təklif etdiyini bildirən E.Süleymanov qeyd edib ki, o, tələb edilən qısa vaxtda yeni qətnamə layihəsi irəli sürməyə müvəffəq olub.

E.Süleymanov müraciətdə onu da qeyd edib ki, onun qətnamə layihəsindən bir neçə saat sonra irəli sürülmüş “Dağlıq Qarabağ münaqişəsi” adlı qətnamə layihəsi açıq-aydın Ermənistanın maraqlarına xidmət edir, çünki burada Ermənistan tərəfindən işğal edilmiş bütün Azərbaycan ərazilərinin vəziyyəti işıqlandırılmır: “Bu isə bir daha onu deməyə əsas verir ki, beynəlxalq təşkilatlar və ermənilər Ermənistan tərəfindən hərbi işğal altında saxlanılan ətraf yeddi Azərbaycan rayonunu müzakirə etməkdən çəkinirlər”.

AŞ PA həmkarlarına müraciət edən E.Süleymanov deyib ki, işğal etdiyi Azərbaycan ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirmiş, 1 milyon mülki əhalini qaçqın və məcburi köçkünə çevirmiş Ermənistana qarşı beynəlxalq təşkilatların, o cümlədən AŞ PA-nın sanksiyalar tətbiq etməməsi, əksinə, onu öz çətiri altına alaraq sanksiyalardan sığortalaması işğalçı dövlət olan Ermənistanı Azərbaycana qarşı yeni cinayətlər törətməyə həvəsləndirir.

E.Süleymanov müraciətdə ümidvar olduğunu bildirib ki, düzgünlük, ləyaqət və obyektivliyi müdafiə edən bütün üzvlər Dağlıq Qarabağ daxil olmaqla, Azərbaycan Respublikası ərazisinin 1/5-nin 23 il müddətində Ermənistan tərəfindən işğal altında saxlanılması faktını diqqətdən kənarda qoymayacaqlar.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO