Azərbaycanın şoranlaşmış torpaqlarında məhsuldarlığın yüksəldilməsi yolları öyrənilir

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutu və Şoran Torpaqlarda Əkinçiliyin İnkişafı üzrə Beynəlxalq Mərkəz (ICBA) arasında elmi tədqiqat işlərinin aparılmasına dair rəsmi razılaşma imzalanıb.

İnstitutdan Trend-ə verilən məlumata görə, İslam İnkişaf Bankının dəstəyi ilə həyata keçirilən layihənin mövzusu “Aral-Xəzər dənizi hövzələrinin azməhsuldar torpaqlarında ərzaq təhlükəsizliyinin yüksəldilməsi”dir.

Layihənin icra olunmasında əsas məqsəd Azərbaycanda Kür-Araz ovalığının şoranlaşmış və az məhsuldar torpaqlarında duza davamlı, geniş istifadə aspektli məhsullar, ağaclar və halofitlərin qiymətləndirilməsi və davamlı istifadə vasitəsilə məhsuldarlığın və qida təhlükəsizliyinin yüksəldilməsidir.

Layihənin nəticəsi arid ərazilərində ekosistemlərin stabil fəaliyyətinə və növün biomüxtəlifliyinin qorunmasına şərait yaradacaq.

Layihə AMEA Botanika İnstitutu tərəfindən ICBA-nın koordinatorluğu ilə 2 il müddətində icra olunacaq. Layihənin icrası zamanı əldə olunan nəticələrin maraqlı tərəflərə (fermer təsərrüfatı ilə məşğul olan sahibkarlara, tədris müəssisələrinə və s.) təqdimatı üçün müxtəlif treninqlər, seminarlar və görüşlərin təşkili nəzərdə tutulub.

Tədqiqatların nəticələrinin müxtəlif elmi konfrans və seminarlarda təqdim olunması, elmi jurnallarda dərc olunması nəzərdə tutulur. Botanika İnstitutunun gənc mütəxəssislərinin layihə üzrə tədqiqat işlərinə cəlb edilməsi və yeni metodların öyrənilməsi məqsədilə müxtəlif beynəlxalq treninq və seminarlarda fəal iştirakı planlaşdırılır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO