Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaranmasının 95 illik yubileyi təntənəli şəkildə qeyd edilib

Martın 28-də Azərbaycanın milli maraqlarının qorunmasında və təhlükəsizliyinin təmin edilməsində xüsusi yeri və rolu olan milli təhlükəsizlik orqanlarının yaranmasının 95-ci ildönümü tamam olur.

Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzindən Trend-ə verilən məlumata görə, yubiley və peşə bayramı münasibətilə Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyəti Fəxri xiyabana gələrək, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, bu mühüm dövlət təsisatında milliləşmə prosesinin banisi, müstəqillik illərində Milli Təhlükəsizlik Nazirliyinin milli maraqlara xidmət edən peşəkar qurum kimi formalaşmasında misilsiz xidmətləri olan ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad etmiş, məzarı önünə əklil qoymuşdur.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstəsi düzülmüşdür.

Sonra Şəhidlər xiyabanında Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş oğul və qızlarımızın unudulmaz xatirəsini yad etmiş, məzarları üstünə güllər düzmüş, “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuşlar. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həlak olmuş və burada dəfn edilmiş milli təhlükəsizlik orqanlarının əməkdaşlarının da xatirəsi yad edilmiş, məzarları üzərinə gül dəstələri qoyulmuşdur.

Bayram tədbiri Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında davam etdirilmişdir. Akademiyanın döyüş bayrağı təntənəli şəkildə sıra meydanına gətirilmişdir. Ümummilli lider Heydər Əliyevin xatirəsi birdəqiqəlik sükutla yad edilmişdir. Dövlət himni səsləndirilmişdir.

Milli təhlükəsizlik naziri, general-polkovnik Eldar Mahmudov mərasimdə çıxış edərək, ulu öndər Heydər Əliyevin peşəkarlıq ənənələri əsasında müasir təlim-tədris prosesini həyata keçirən bu xüsusi təyinatlı ali təhsil ocağının şəxsi heyətini, kursantları və dinləyiciləri Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 95 illik yubileyi münasibətilə təbrik etmiş, onlara ölkəmizin milli maraqlarının və təhlükəsizliyinin qorunması naminə təhsildə, məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzulamışdır. Nazir çağdaş dövrdə milli təhlükəsizliyə cavabdeh strukturdan daim yüksək peşəkarlıq, çeviklik və səriştə tələb olunduğunu qeyd etmiş, xüsusi xidmət orqanlarının ölkədə həyata keçirilən müasirləşmə və yeniləşmə siyasətinin uğurla reallaşmasına bundan sonra da öz töhfələrini verəcəklərinə əminliyini bildirmişdir. Nazir Eldar Mahmudov Milli Təhlükəsizlik Nazirliyinin müasir tələblərə uyğun inkişafı, maddi-texniki bazasının güclənməsi və şəxsi heyətin sosial müdafiəsinin xeyli yüksəlməsi istiqamətində Ali Baş Komandanın diqqət və qayğısını xüsusi vurğulamış, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə bütün şəxsi heyətin adından dərin minnətdarlığını bildirmişdir.

Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi, general-leytenant Ziya Yusifzadə də yubiley münasibətilə çıxışında bu təhsil ocağının inkişafındakı xidmətlərinə görə dövlətimizin başçısına minnətdarlıq etmişdir.

Sonra kursantlar təntənəli marşla tribunanın önündən keçmişlər.

Tədbirin sonunda xidməti fəaliyyətdə fərqlənən əməkdaşlara və təhsildə nailiyyətlər əldə etmiş kursantlara medallar, fəxri fərmanlar, qiymətli hədiyyələr təqdim olunmuş, xatirə şəkli çəkdirilmişdir.

Yubiley mərasimi Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində davam etdirilmişdir.

Əvvəlcə Baş nazir Artur Rasizadə mərasimdə iştirak etmək üçün Bakıya gələn xarici ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərləri ilə görüşmüşdür.

Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 95 illik yubileyi münasibətilə təbriklərini çatdıran Baş nazir Artur Rasizadə qonaqları salamlayaraq xüsusi xidmət orqanları arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyini bildirmişdir. Bunun üçün yaxşı potensialın olduğunu deyən Baş nazir ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişafının məmnunluq doğurduğunu diqqətə çatdırmışdır.

MDB Antiterror Mərkəzinin rəhbəri Andrey Novikov və Portuqaliya İnformasiya Sisteminin baş katibi Julio Pereira ölkələrimizin müvafiq strukturları arasındakı əlaqələrin səviyyəsindən razılıqlarını bildirmiş və bu münasibətlərin dövlətlərimizin beynəlxalq əməkdaşlığının formalaşmasında da mühüm rol oynadığını vurğulamışlar.

Görüşdən sonra xatirə şəkli çəkdirilmişdir.

Yubiley mərasimində xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.

Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir.

Mərasimdə çıxış edən milli təhlükəsizlik naziri Eldar Mahmudov peşə bayramı münasibətilə təbriklərini çatdırmış, yubiley tədbirləri ilə əlaqədar ölkəmizə qonaq gələn tərəfdaş təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərlərinə və nümayəndə heyətlərinə təşəkkürünü bildirmişdir.

Qeyd edilmişdir ki, tarixi varislik prinsipinə diqqət və qayğı ilə yanaşan ümummilli lider Heydər Əliyevin 1997-ci ildə imzaladığı Sərəncamla martın 28-i Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü elan olunmuşdur. 1919-cu ildə məhz həmin gün Azərbaycan Xalq Cümhuriyyətinin ilk xüsusi xidmət orqanı olan Kəşfiyyat və Əks-kəşfiyyat Bölməsi yaradılmışdır.

Sovetlər dövründə ölkənin təhlükəsizlik orqanlarının fəaliyyəti əsasən bütövlükdə Sovet İttifaqının maraqlarına xidmət edirdi. Lakin, həmin illərdə təhlükəsizlik orqanlarında cəsarətli və ədalətli insanlar da olmuşdur. Azərbaycanın təhlükəsizlik orqanlarında belə şəxslər sırasında xalqımızın böyük oğlu, əsl peşəkar Heydər Əliyevin xidmətləri xüsusi qeyd olunmalıdır. Uzun müddət təhlükəsizlik orqanlarında xidmət etmiş dahi şəxsiyyət fenomenal bacarığı sayəsində sədr vəzifəsinə və general rütbəsinədək yüksəlmişdir. Ümummilli lider Heydər Əliyev Azərbaycan təhlükəsizlik orqanları üçün milli peşəkar kadr potensialının yaradılmasını daim diqqət mərkəzində saxlayırdı. O, müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə də doğma təhlükəsizlik orqanlarına xüsusi qayğı ilə yanaşırdı. Həmin dövrdə Heydər Əliyev, ilk növbədə, gənc dövlətin milli təhlükəsizlik strategiyasını və fəaliyyətin əsas istiqamətlərini müəyyən etmişdir. Sonra qanunvericilik bazasının əsasını qoymuş, 1998-ci ildə isə xüsusi xidmət orqanları üçün peşəkar zabit kadrlarının hazırlanması məqsədilə Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının yaradılması haqqında Sərəncam imzalamışdır.

Sonrakı dövrdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına və tələblərinə uyğun ölkənin qanunvericilik, o cümlədən milli təhlükəsizlik orqanlarının normativ-hüquqi bazasının möhkəmlənməsi üçün böyük işlər görülmüşdür. Bir sıra qanunlar, Milli Təhlükəsizlik Konsepsiyası və digər mühüm aktlar qəbul edilmişdir.

Kadr potensialının möhkəmlənməsi üçün önəmli tədbirlərin həyata keçirildiyini qeyd edən nazir Eldar Mahmudov milli təhlükəsizlik orqanlarının maddi-texniki bazasının xeyli təkmilləşdirildiyini, hazırda bu strukturların ən müasir texniki vasitələrə malik olduğunu diqqətə çatdırmışdır. Bildirilmişdir ki, Azərbaycanın formalaşmış təhlükəsizlik strategiyası ona etibarlı tərəfdaş və öz maraqlarını qorumağa qadir dövlət imici qazandırır. Müvafiq dövlət strukturlarının birgə fəaliyyəti və önəmli ictimai dəstək nəticəsində respublikamızda sabitlik mövcuddur. Bu baxımdan və həmçinin Azərbaycanın beynəlxalq təhlükəsizlik sisteminin fəal iştirakçısı olması nəticəsində ölkəmizə etibar edilir, böyük məbləğlərdə investisiya yatırılır, irimiqyaslı layihələr həyata keçirilir. Müasir neft strategiyası ölkəmizin iqtisadi qüdrətinin artmasında və enerji təhlükəsizliyində mühüm rol oynayır. Ümumən, son 10 ildən artıq olan müddətin Azərbaycan üçün əsas xarakterik cəhəti sabitlik, müasirləşmə və yeniləşmə, sürətli iqtisadi inkişaf, xalqın maddi rifahının yüksəlməsidir. Ən əsas şərt sözsüz ki, xalqın mütləq əksəriyyətinin dövlətin siyasi kursunu dəstəkləməsidir.

Lakin o da məlumdur ki, sabitlik və iqtisadi tərəqqi müxtəlif dairələr üçün ayrı-ayrı aspektlərdən cəlbedici görünür. Müsbət amillərlə yanaşı, regionda gedən proseslərin təsiri, terrorçu, ekstremist, radikal dini dairələrin nüfuz etmək cəhdləri, qanunsuz miqrasiya kimi təhdidlər də meydana çıxır. Müstəqilliyin bərpasından ötən illər ərzində kəşfiyyat-pozuculuq, terror-təxribat və digər cinayətkar cəhdlər baş verir. Bu cəhdlərin qarşısı əksər hallarda qabaqlayıcı tədbirlərlə alınmışdır. Beynəlxalq terrorçuluqla mübarizə əsas fəaliyyət istiqaməti kimi daim diqqət mərkəzindədir. Son vaxtlar bəzi münaqişə bölgələrində beynəlxalq terrorçu təşkilat və qrupların fəallaşması ümumi narahatlığı daha da artırır. Azərbaycan Respublikası bu sahədə beynəlxalq birliyin səylərini tam müdafiə edir, siyasi, iqtisadi, dini və digər motivlərindən asılı olmayaraq, terrorun bütün forma və təzahürlərinə qarşı birmənalı barışmaz mövqe tutur.

Nazir Eldar Mahmudov qeyd etmişdir ki, ölkəmizdə, ümumən Cənubi Qafqazda təhlükəsizliyə təsir göstərən mühüm amil Azərbaycanın 20 faiz torpağının Ermənistan tərəfindən işğalıdır. Nəticədə həmin ərazilər dövlət nəzarətindən və beynəlxalq hüquq normalarının təsirindən kənarda qalmışdır. Bu isə beynəlxalq terrorçuluğa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə və insan alverinə, kütləvi qırğın silahları komponentlərinin yayılmasına əlverişli zəmin yaradır. Regional təhlükəsizlik əleyhinə olan bu amilin aradan qaldırılması beynəlxalq əhəmiyyət daşıyır. Bu baxımdan məsələyə ikili standartdan deyil, obyektiv yanaşılması çox vacibdir.

Milli Təhlükəsizlik Nazirliyində son illər aparılan islahatların fəaliyyətin daha səmərəli həyata keçirilməsinə zəmin yaratdığını qeyd edən nazir Eldar Mahmudov ən müasir texniki vasitələrlə təchizat sahəsində də mühüm işlər görüldüyünü bildirərək söyləmişdir: “Sözsüz ki, yaradılan şərait cinayətkarlıqla mübarizənin nəticələrinə müsbət təsir göstərir. Son illər onlarla terrorçu və radikal-ekstremist dəstə və ya qrup zərərsizləşdirilmişdir. Ümumən, terror-təxribat fəaliyyətinin qarşısının alınması üzrə Milli Təhlükəsizlik Nazirliyi böyük uğurlar qazanmış və bu işdə digər hüquq mühafizə orqanları ilə qarşılıqlı əlaqə mühüm rol oynamışdır”.

Milli təhlükəsizlik naziri beynəlxalq əməkdaşlıq əlaqələrinin daim inkişaf etdiyini vurğulayaraq, son illər bu münasibətlərin daha səmərəli xarakter aldığını, hazırda dünyanın 70-dən çox xüsusi xidmət orqanı və beynəlxalq təşkilat ilə sıx əməkdaşlıq edildiyini bildirmişdir. MDB-nin, Qərb və Yaxın Şərq ölkələrinin, qonşu dövlətlərin müvafiq orqanları ilə normal tərəfdaşlıq münasibətləri və onların uğurlu nəticələri vardır. Beynəlxalq əlaqələr strateji və tərəfdaşlıq xarakteri daşıyır. Əməkdaşlıq yalnız informasiya və təcrübə mübadiləsi ilə deyil, bir çox hallarda birgə fəaliyyət və əməli kömək şəklində həyata keçirilir. Fəxr edirik ki, dünyanın təhlükəsizlik sisteminin formalaşmasında və ölkənin bugünkü dinamik inkişafında milli təhlükəsizlik orqanlarının da əməyi vardır. Eyni zamanda, biz dövlətin qayğısını, ictimaiyyətin dəstəyini və rəğbətini özümüz üçün böyük məsuliyyət sayırıq. Dövlət tərəfindən normal fəaliyyət üçün hər cür diqqət və qayğı göstərilir. Əməkdaşların iş və mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi sahəsindəki son illərin nəticələri əvvəlki dövrlə müqayisə olunmazdır.

Nazir Eldar Mahmudov milli təhlükəsizlik orqanlarının Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əmr və tapşırıqlarının icrasına hər an və dönmədən hazır olduqlarını bildirərək demişdir: “Biz bütün bunları, eləcə də yubiley ərəfəsində Prezidentin sərəncamları ilə bir qrup əməkdaşın ali zabit rütbələri və dövlət mükafatları ilə təltif edilməsini fəaliyyətimizə növbəti dəfə verilən yüksək qiymət kimi qəbul edirik. Fürsətdən istifadə edib bizə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə dərin minnətdarlığımızı bildirmək istəyirəm. Möhtərəm Prezidenti, Ali Baş Komandanı əmin edirik ki, şəxsi heyətimiz bundan sonra da dövlətçiliyin və müstəqilliyin, milli maraqların keşiyində ayıq-sayıq dayanacaq, ölkədə sabitliyin və təhlükəsizliyin etibarlı təmin olunması işində və cinayətkarlıqla mübarizədə daim dönməzlik, qətiyyət və rəşadət nümayiş etdirəcəkdir”.

Sonra Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli təhlükəsizlik orqanlarının yaranmasının 95 illiyi münasibətilə şəxsi heyətə təbrik məktubunu oxumuşdur.

Təbrik sözü ilə çıxış edən Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru, ordu generalı Aleksandr Bortnikov rəhbərlik etdiyi qurum ilə Milli Təhlükəsizlik Nazirliyi arasında sıx əməkdaşlıq münasibətlərinin formalaşdığını bildirmişdir. O demişdir ki, bu münasibətlərin əsasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin iki xalq və dövlət arasında qarşılıqlı əlaqələrin inkişafına verdiyi əvəzsiz töhfələr dayanır. Aleksandr Bortnikov yubiley münasibətilə azərbaycanlı həmkarlarını təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

Azərbaycan milli təhlükəsizlik orqanlarını yubiley münasibətilə təbrik edən Portuqaliya İnformasiya Sisteminin baş katibi Julio Pereira çıxışında bildirmişdir ki, dünya xüsusi xidmət orqanlarının beynəlxalq terrorçuluqla, transmilli mütəşəkkil cinayətkarlığın digər təhlükəli təzahürləri ilə mübarizədə əməkdaşlığı, səmərəli informasiya mübadiləsi mühüm rol oynayır. Azərbaycanlı həmkarlarla tərəfdaşlıq münasibətlərinin inkişaf etməsinin çox müsbət hal olduğunu vurğulayan Julio Pereira bu yubiley tədbirinin burada iştirak edən xeyli sayda həmkarları arasında əməkdaşlıq münasibətlərinin genişlənməsi üçün daha bir səmərəli imkan yaradacağına əminliyini qeyd etmişdir.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə mərasim iştirakçıları adından müraciət qəbul olunmuşdur.

Sonda Azərbaycanın milli təhlükəsizlik orqanlarının 95 illik tarixi yolundan, ümummilli lider Heydər Əliyevin bu orqanların inkişafındakı xidmətlərindən, Azərbaycan Prezidenti İlham Əliyevin Milli Təhlükəsizlik Nazirliyinə diqqət və qayğısından bəhs edən “Xüsusi funksiya” sənədli filmi nümayiş olunmuşdur.

Yubiley mərasimi bədii proqramla davam etmişdir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO