“Azərbaycanın inkişaf təcrübəsi Əfqanıstan üçün örnəkdir “

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Əfqanıstanın ölkəmizə yeni təyin olunmuş səfiri Məhəmməd Taqi Xəlilini qəbul edib.

Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanla Əfqanıstan arasında ənənəvi dostluq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub.

E.Məmmədyarov Azərbaycanın dost ölkə olan Əfqanıstanla əlaqələrinin inkişafına mühüm əhəmiyyət verdiyini qeyd edərək, elm, təhsil, təlim, sərmayələr, humanitar, nəqliyyat və digər sahələrdə ikitərəfli əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu ifadə edib.

M.T.Xəlili ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Heydər Əliyevin əziz xatirəsinə ehtiramını ifadə edib.

Azərbaycanın Əfqanıstana humanitar, maddi-texniki, təlim və təhsil sahəsində göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edən səfir cəsur Azərbaycan əsgərlərinin Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin tərkibində Əfqanıstanda sülh və təhlükəsizlik naminə xidmətinin Əfqanıstan hökuməti və xalqı tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb. O, Azərbaycanın inkişaf təcrübəsinin ölkəsi üçün örnək olduğunu deyib.

Görüşdə iki ölkə arasında müqavilə hüquq-bazasının inkişaf etdirilməsi və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Səfir etimadnaməsinin surətini E.Məmmədyarova təqdim edib.

Nazir M.T.Xəliliyə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Səfir diplomatik fəaliyyəti müddətində iki ölkə arasında dostluq əlaqələrinin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO