Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması ilə bağlı yeni qaydaların tətbiqini nəzərdə tutan qanun layihəsi qəbul edildi

Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması ilə bağlı yeni qaydalar tətbiq edilməsini nəzərdə tutan qanun layihəsi qəbul olunub.

Trend-in məlumatına görə, Cinayət-Prosessual Məcəlləyə edilən əlavə və dəyişikliyə əsasən, cinayət işinin başlanmasına dair qərar şəxsin tutulduğu andan 24 saat keçənədək qəbul olunmazsa, tutulmuş şəxs dərhal azad olunmalıdır. Təklif edilmiş əlavə və dəyişikliklərlə həmin müddət 48 saatdan 24 saata endirilib. Belə ki, hazırda qüvvədə olan qanunvericilikdə şəxsin tutulması 48 saatdan artıq davam edə bilməz.

İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror istintaq hərəkətinin məcburi aparılması və ya prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi, həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi üçün məhkəmənin qərarının alınması haqqında əsaslandırılmış vəsatəti aldıqdan sonra 24 saatdan müddətində müvafiq qərarın qəbul edilməsi barədə təqdimatı məhkəməyə verməli və ya vəsatətin müdafiə edilməsindən imtina haqqında əsaslandırılmış qərar çıxarmalıdır.

Yeni layihəyə əsasən, Cinayət-Prosessual Məcəlləsinə 148.6. və 148.7. maddələri əlavə olunur.

Layihəyə əsasən, yeni 148.6. maddədə göstərilir ki, cinayət törədilməsinə şübhə yarandıqda şəxsin tutulması bu məcəllənin paralel olaraq eyni əlavə olunan 148.7.-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, 48 saatdan artıq davam edə bilməz. Həmin müddət keçənədək tutulmuş şəxsə ittiham elan edilməli, həbslə bağlı prokurorun təqdimatı olduqda isə o, məhkəməyə gətirilməlidir. Məhkəmə təxirə salmadan işə baxmalı və həmin şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi və ya onun azad edilməsi haqqında qərar çıxarmalıdır.

Paralel olaraq yeni əlavə olunan 148.7.-ci maddədə isə bildirilir ki, Cinayət Məcəlləsinin 102, 114, 169, 120.2.11, 214, 214-1, 214-3, 215.3, 217, 218, 219, 219-1, 220, 274, 275, 276, 277, 279, 280, 282, və 283-1-ci maddələri ilə nəzərdə tutulan əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxslərin sayının çoxluğu, işin xüsusi mürəkkəbliyi və ya toplanmış materialların həcminin böyüklüyü bu məcəllənin 148.6.-cı maddəsində (yuxarıda yeni əlavə olunan) nəzərdə tutulan hərəkətlərin 48 saat müddətində həyata keçirilməsinə mane olduqda, həmin müddət müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə yalnız 48 saatdan artıq olmayan müddətə uzadıla bilər.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO