Azərbaycanda balıqçılıq haqqında qanunvericilik dəyişdirildi

Azərbaycanda balıq və digər su bioresursları dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olacaq.

Trend-in məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında qəbul edilən “Balıqçılıq haqqında” qanuna dəyişiklik edilməsi barədə” qanun layihəsində öz əksini tapıb.

Layihəyə görə, dövlət mülkiyyətində olan balıqçılıq su obyektlərində yaşayan balıq və digər su bioresursları Azərbaycan Respublikasına mənsubdur.

Bələdiyyə mülkiyyətində olan balıqcılıq su obyektlərində yaşayan balıq və digər su bioresursları bələdiyyə mülkiyyətində olmalıdır. Akvakultura təsərrüfatının yerləşdiyi balıqçılıq su obyektlərində əldə olunan balıq və digər su bioresursları onun mülkiyyətçisinə və ya icarəçiyə məxsusdur.

Qanuna edilən dəyişikliyə əsasən, Azərbaycanda balıq və digər su bioresurslarının ovu, forması və verilmə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən balıq ovlama bileti əsasında həyata keçiriləcək.

Qanun layihəsində həmçinin Azərbaycanda Su Bioresurslarının Artırılması, Bərpası və Mühafizəsi Fondunun yaradılması nəzərdə tutulur.

Fondun yaradılmasında məqsəd balıq və digər su bioresurslarının artırılmasını, bərpasını, mühafizəsini, balıqçılığın elmi təminatını və balıqçılıq sahəsində digər tədbirlərin, habelə balıqçılığın inkişafı proqramlarının maliyyələşdirilməsini təmin etməkdir.

Layihəyə görə, fond müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılacaq və fəaliyyəti həmin orqan tərəfindən təsdiqlənən əsasnamə ilə tənzimlənəcək.

Dövlət mülkiyyətində olan balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının süni artırılması, bərpası, mühafizəsi və balıqçılıq təsərrüfatı, meliorasiya işləri fondun vəsaitləri və dövlət vəsaiti hesabına maliyyələşdiriləcək.

Digər dəyişikliyə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına tətbiq edilən güzəştlər akvakultura (balıq və digər su bioresurslarının, o cümlədən nadir və nəsli kəsilməkdə olan növlərin bərpası və əmtəə məhsulu əldə edilməsi məqsədilə balıqçılıq su obyektlərində artırılması, yetişdirilməsi, saxlanması, bərpası və rekreasiya üzrə fəaliyyət) ilə məşğul olan fiziki və hüquqi şəxslərə də şamil ediləcək.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO