Azərbaycan Prezidenti İlham Əliyevin və Yunanıstanın Baş naziri Antonis Samarasın yüksək səviyyəli iş adamları ilə görüşü olub

İyunun 16-da Afinada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Yunanıstan Respublikasının Baş naziri Antonis Samarasın yüksək səviyyəli iş adamları ilə görüşü olmuşdur.

Görüşdə çıxış edən Yunanıstanın Baş naziri Antonis Samaras ölkələrimiz arasında əlaqələrin getdikcə daha da inkişaf etdiyini bildirdi. Qeyd etdi ki, Azərbaycan ilə Yunanıstanın siyasi sahədə yüksək əməkdaşlığı iqtisadi sahəyə də öz təsirini göstərir. Bu da biznes qurumları arasında əlaqələrin daha da intensivləşməsinə geniş imkanlar açır.

Antonis Samaras Yunanıstan ilə Azərbaycan arasında enerji sahəsində də əməkdaşlığın uğurlu olduğunu söylədi. O, TAP kəməri layihəsinin Yunanıstan ilə yanaşı, region ölkələrinin inkişafına da güclü təsir edəcəyini vurğuladı.

Prezident İlham Əliyev ölkələrimiz arasında yüksək səviyyəli əlaqələrin olduğunu deyərək Azərbaycanda gedən inkişaf prosesləri barədə görüş iştirakçılarına məlumat verdi. Dövlətimizin başçısı bildirdi ki, son 10 ildə Azərbaycan iqtisadiyyatı üç dəfə artmışdır. İqtisadiyyatın qeyri-neft sektorunun çəkisi yüksəlmişdir. Neft-qaz sektorunun iqtisadiyyatımızın aparıcı istiqaməti olduğunu deyən Azərbaycan Prezidenti bildirdi ki, böyük enerji resursları olan ölkəmiz tərəfindən “Şahdəniz”, Trans-Anadolu və Trans-Adriatik layihələri icra edilir. Bu layihələrdə Yunanıstan da yaxından iştirak edir. Artıq Azərbaycanın xaricə investisiya yatırmağa başladığını deyən Prezident İlham Əliyev hazırda ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları, turizm və digər qeyri-neft sahələrinin inkişafına böyük diqqət göstərildiyini və bu məsələlərə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında geniş yer verildiyini dedi.

Daha sonra Yunanıstanın tanınmış şirkətlərinin rəhbərləri və nümayəndələri təmsil etdikləri müəssisələr haqqında məlumat verdilər. Bildirildi ki, bu şirkətlər əsasən energetika, nəqliyyat, turizm, alternativ enerji mənbələri, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrdə ixtisaslaşmışdır.

İş adamları Azərbaycan ilə yeni əməkdaşlıq münasibətləri qurmaqda və mövcud qarşılıqlı fəaliyyətin genişlənməsində maraqlı olduqlarını dedilər. Onlar Azərbaycan şirkətləri ilə təcrübə mübadiləsinə hazır olduqlarını bildirdilər.

Görüş iştirakçıları Prezident İlham Əliyevə Azərbaycanın sürətli inkişafı ilə bağlı təbriklərini çatdırdılar və respublikamızın biznes nöqteyi-nəzərindən də çox maraqlı ölkə olduğunu vurğuladılar.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO