Azərbaycan həbsxanalarının əcnəbi “ordusu “

Penitensiar xidmətin cəzaçəkmə müəssisələrində 22 ölkədən 500 nəfərədək əcnəbi cəza çəkir. Bu barədə Trend-in rəsmi sorğusuna cavab olaraq Ədliyyə Nazirliyi Penitensiar xidmətindən bildiriblər.

Sorğuya cavab olaraq qeyd edilib ki, Penitensiar xidmətin cəzaçəkmə müəssisələrində Belarus, Böyük Britaniya, Çin, Əfqanıstan, Gürcüstan, Hindistan, İordaniya, İran, İsrail, Qazaxıstan, Litva, Nigeriya, Pakistan, Rusiya, Türkiyə, Ukrayna, Suriya, Kamboca, Slovakiya, Kamerun, Özbəkistan və Türkmənistan vətəndaşları cəza çəkirlər.

Penitensiar xidmətin cəzaçəkmə müəssisələrində saxlanılan xarici ölkə vətəndaşları arasında Rusiya, Özbəkistan, İran, Türkiyə və Gürcüstan vətəndaşları əksəriyyət təşkil edirlər. Onlar əsasən narkotik vasitələrin qanunsuz dövriyyəsinə, oğurluğa və sərhəd pozuntusuna görə məhkum olunmuş şəxslərdir.

Qeyd edilir ki, cəzaçəkmə müəssisələrində cəza çəkən xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 10-cu maddəsində nəzərdə tutulmuş hüquqları tam təmin olunur. Təmsil olunduqları ölkələrin diplomatik nümayəndəliklərinə həmin şəxslərə baş çəkilməsi üçün müvafiq şərait yaradılır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO