Avstriya qəzeti: Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı beynəlxalq hüququn ciddi şəkildə pozulmasıdır

Avstriya qəzeti: Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı beynəlxalq hüququn ciddi şəkildə pozulmasıdır
Avstriyanın gündəlik “Tiroler Tageszeitung” qəzeti Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilovun Avstriya Mətbuat Agentliyinə (APA) verdiyi müsahibəsini dərc edib.

“Dağlıq Qarabağ: Azərbaycan BMT qətnamələrinə uyğun olaraq işğal edilmiş ərazilərin qaytarılmasını tələb edir” başlıqlı məqalə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövcud vəziyyətə həsr olunub.

Müsahibədə qeyd edilib ki, Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı beynəlxalq hüququn ciddi şəkildə pozulması, sülh və təhlükəsizlik üçün təhdiddir. Rəsmi Bakı BMT-nin qətnamələri əsasında işğal olunmuş ərazilərin geri qaytarılmasını və öz torpaqlarından qovulmuş azərbaycanlıların vətənlərinə geri dönmələrini tələb edir. BMT Təhlükəsizlik Şurasının qətnamələrində qeyd edilir ki, Ermənistan yerli əhalini doğma torpaqlarından qovmaq üçün hərbi qüvvədən istifadə edib, status-kvonu qüvvədə saxlamaq üçün hazırda da güc tətbiq etməkdədir.

Səfir qeyd edib ki, ATƏT-in Minsk qrupuna münaqişənin sülh yolu ilə nizamlanması üçün mandat verilib. Vurğulayıb ki, münaqişə dondurulmalı deyil, həll edilməldir. BMT qətnamələrinin həyata keçirilməsi, eyni zamanda, 1996-cı ildə Lissabon Sammitində ATƏT-ə sədrlik edən İsveçrənin münaqişənin həlli üçün təklif etdiyi planın reallaşdırılması Ermənistanın müqaviməti ucbatından baş tutmayıb.

Diplomat müsahibədə münaqişə kontekstində üç əsas komponentə diqqəti yönəldib: Minsk qrupu vasitəçilik forumu kimi, ATƏT cavabdeh təşkilat olaraq və hadisə yerindəki reallıq, yəni Dağlıq Qarabağ və ümumilikdə regionda hadisələrin inkişafı. Müsahibədə bununla bağlı fəaliyyətin yetərli olmadığı da qeyd edilib və ATƏT-in bu münaqişəyə kifayət qədər diqqət ayırmaması tənqid olunub. Bildirilib ki, Minsk qrupuna siyasi direktivlər verilməlidir.

Müsahibədə, həmçinin ATƏT-in fəaliyyətdə olan sədri Avstriyanın münaqişənin nizamlanması ilə bağlı səyləri, ATƏT-in Bakı və Yerevan ofislərinin bağlanması səbəbləri, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün həyat şəraiti və doğma torpaqlara geri dönmək arzusu, Ermənistanın münaqişənin nizamlanması ilə bağlı tutduğu qeyri-konstruktiv mövqe barədə də söz açılıb.

Q.İsrafilov bildirib ki, Azərbaycan dövləti qaçqın və məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmaq üçün bütün tədbirləri görür. Lakin buna baxmayaraq, onlar öz torpaqlarına geri dönmək arzusundadırlar. “Nəyə görə onların taleyi Ermənistanın qərarından asılı olmalıdır?”,- deyə səfir vurğulayıb.

AZƏRTAC

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO