ARDNŞ Türkiyədə STAR NEZ-in tikintisi çərçivəsində kredit müqaviləsi imzalayıb

ARDNŞ Petkim yarımadasında həyata keçirməkdə olduğu 10 milyard dollar məbləğində STAR neft emalı zavodu üçün 3,29 milyard dollarlıq razılaşma imzalayıb. Trend-in məlumatına görə, bu, Türkiyə real sektor tarixinin ən böyük və ən uzunmüddətli layihə maliyyələşdirilməsi razılaşmasıdır.

Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız, elm, sənaye və texnologiya naziri Fikri İşıq, Azərbaycanın energetika naziri Natiq Əliyev, Azərbaycan Respublikası iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, Azərbaycan Dövlət Neft Fondunun rəhbəri Şahmar Mövsümov, ARDNŞ prezidenti Rövnəq Abdullayev, Petkim İdarə heyətinin sədri və ARDNŞ-nin beynəlxalq investisiyalarından məsul idarəçisi Vaqif Əliyev, maliyyə əməliyyatlarından məsul ARDNŞ vitse-prezidenti Süleyman Qasımov və “SOCAR Turkey”-in prezidenti Kənan Yavuzun iştirakı ilə 6 İyun 2014 tarixində Çırağan Sarayında reallaşdırılan imza mərasimi ilə Türkiyənin ən böyük sənaye investisiya olacaq STAR neft emalı zavodunun həyata keçirilməsində əhəmiyyətli bir addım daha atılmış oldu.

İmzalama mərasimində “SOCAR Turkey”-in prezidenti Kənan Yavuz bildirib ki, STAR neft emalı zavodu Türkiyə tarixində xüsusi sektor tərəfindən həyata keçirilən ilk neft emalı layihəsi olmaqla yanaşı, son 30 ildən bu yana reallaşdırılan ən böyük real sektor layihəsidir: “ARDNŞ olaraq Türkiyə ictimaiyyətinə verdiyimiz sözləri bir-bir həyata keçiririk. Bu gün etibarilə reallaşdırdığımız 20 milyard dollarlıq sərmayə portfeli ilə ölkəmizin ən böyük birbaşa investoruyuq. İmzalamaqda olduğumuz layihə maliyyə paketi, ABŞ, Yaponiya, Koreya, İspaniya və İtaliya Eximbankları ilə dünyanın dörd bir yanından 16 ticarət və investisiya bankı və bir yerli bank olmaqla 23 banklı konsorsiumdan ibarətdir”.

Mərasimdə çıxış edən ARDNŞ prezidenti Rövnəq Abdullayev isə qeyd edib ki, Türkiyədə reallaşdırılan investisiyalar Azərbaycana böyük qürur verir: “Petkimin özəlləşdirilməsi ilə başlayan prosesdə bu günə qədər olan müddət ərzində inkişaf etdirdiyimiz və faaliyyətə keçirtdiyimiz layihə ilə “bir millət, iki dövlət” idealını həyata keçirmək baxımından böyük addımlar atırıq. Petkim yarımadasında Türkiyənin ilk Kimya Sənaye Parkı olan “Value-Site” layihəmiz çərçivəsində həyata keçirdiyimiz 10 milyard dollarlıq sərmayə portfeli və TANAP layihəsi ilə birlikdə çatdığımız 20 milyard dollar məbləğindəki investisiyalar ilə Türkiyənin ən böyük birbaşa sərmayəçisi olmaqdan böyük məmnunluq duyuruq”.

Onun sözlərinə görə, neft emalı layihəsi 2018-ci ildə istehsala başladığında Türkiyənin ikinci böyük sənaye şirkəti olacaq. R.Abdullayev qeyd edib ki, ARDNŞ-nin hədəfi 2023-cü ildə Türkiyənin ən böyük sənaye şirkəti mövqesinə yüksəlməkdir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO